İdman
"Bavariya"da qapıçı böhranı: Çempionlar Liqasında 16 yaşlı futbolçu ilə oynaya bilər
UEFA Çempionlar Liqasının həlledici mərhələsində "Atalanta" ilə cavab qarşılaşmasına hazırlaşan "Bavariya" gözlənilməz qapıçı böhranı ilə üz-üzə qalıb. Oxu.Az xəbər verir ki, Almaniya nəhənginin əsas qapıçıları zədə səbəbindən sıradan çıxdıqları üçün qitənin ən nüfuzlu klub turnirində çərçivəni 16 yaşlı akademiya yetirməsi Leonard Preskott qoruya bilər. Hazırda komandanın qolkiperləri - Manuel Noyer, Sven Ulrayx və Conas Urbiq, eləcə də gənclər komandasının qapıçısı Klanats zədəlidirlər. Yaranmış mürəkkəb vəziyyətdə qapıda dayanmaq üçün ən real namizəd U-19 komandasının ehtiyat qapıçısı hesab olunur. Əgər boyu 196 santimetr olan L.Preskott meydana daxil olarsa, o, UEFA Çempionlar Liqası tarixinə ən gənc qapıçı kimi adını yazdıraraq yeni rekord müəyyənləşdirəcək. Xatırladaq ki, Münhenin "Bavariya" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında öz meydanında İtaliyanın "Atalanta" komandasını sınağa çəkəcək - rəqib meydançada ilk oyun 6:1 hesabı ilə almanların xeyrinə başa çatıb.
Mənbə
oxu.az