Siyasət
Murat Kurum: "COP31-i konkret həllər yaradan davamlı fəaliyyət prosesi kimi nəzərdə tuturuq"
"Türkiyə iqlim dəyişikliyi ilə mübarizə sahəsində çox mühüm addımlar atıb. Müvafiq qanun qəbul edilib, iqlim dəyişikliyi ilə mübarizə üzrə Koordinasiya Şurası yaradılıb. 2053-cü il üçün xalis sıfır emissiya hədəfi istiqamətində bütün nazirliklər birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Biz də bu günə qədər əldə etdiyimiz təcrübəni COP prosesinə ötürəcəyik". Oxu.Az xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum XIII Qlobal Bakı Forumunda "Danışıqlardan kənarda - COP-u yaşatmaq uğrunda mübarizə" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib. O bildirib ki, bundan əvvəlki COP-un sədri və ev sahibi olan Azərbaycan da proses çərçivəsində dünyanın bəlkə də gözləmədiyi böyük bir uğur əldə etdi: "Azərbaycanlı dostlarımız bu prosesdə çox mühüm nəticələr ortaya qoydular. Biz də COP-larda qəbul edilmiş qərarları daha da gücləndirəcək bir fəaliyyət gündəliyinin məsuliyyətinin fərqindəyik və bunu təqdim edəcəyik. Bizim məqsədimiz aydındır: dialoq, uzlaşma və fəaliyyət. Dialoqdan heç vaxt uzaqlaşmayacağıq. Danışıq zallarında qəbul edilən qərarların tətbiq olunmasını təmin edəcəyik və fəaliyyət mərhələsini sürətləndirmək üçün bütün səylərimizi göstərəcəyik". O əlavə edib ki, COP31 çərçivəsində Antalyada bütün dünyanın diqqətini dənizlərə və okeanlara yönəltmək istəyirlər: "Dənizlərin və göllərin təmizliyi üçün ayrılacaq maliyyə və həyata keçiriləcək layihələr vasitəsilə bir çox təşəbbüsü COP çərçivəsində gündəmdə saxlamağı və qəbul edilən qərarları praktik müstəviyə keçirməyi öz məsuliyyətimiz hesab edirik. COP31-i yalnız konfrans kimi deyil, konkret həllər yaradan davamlı fəaliyyət prosesi kimi nəzərdə tuturuq. Fəaliyyət gündəliyimizin mühüm istiqamətlərindən biri "Sıfır tullantı" təşəbbüsüdür. Hörmətli Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən və bu gün artıq dünya miqyasında tanınan bu layihəni bütün dünyaya təqdim edəcəyik. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində elan edilmiş Sıfır Tullantı Günü ilə bağlı həyata keçirilən fəaliyyətlərimizi və layihələrimizi də bütün dünya ilə paylaşacağıq". M.Kurum sonda bildirib ki, inkişaf etməkdə olan ölkələrə dəstək verən, Sakit okean ölkələrini də nəzərə alan və dünyada heç bir ölkənin kənarda qalmadığı bir COP prosesi həyata keçirmək istəyirlər: "Türkiyənin xarici siyasətdəki mövqeyi budur. Cənab Prezidentimizin bütün dünyaya verdiyi mesaj da məhz budur. Biz də COP sədrliyi dövründə mədəniyyətimizdən aldığımız ilhamla bu mövqeyimizi nümayiş etdirəcəyik". Məhərrəm Əliyev
Mənbə
oxu.az