Dünya
İranın ali lideri ABŞ-dən təzminat tələb etmək niyyətindədir
İran hakimiyyəti ABŞ və İsraildən İslam Respublikası ərazisinə hücumları zamanı dəyən ziyana görə təzminat tələb etmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə İranın yeni Ali Lideri Müctəba Xameneinin İranın dövlət televiziyasında yayımlanan ilk rəsmi müraciətində bildirilib. "Vurğulamaq vacibdir ki, biz istənilən halda düşməndən kompensasiya tələb edəcəyik. Əgər o imtina etsə, biz onların əmlakının zəruri hesab etdiyimiz qədərini alacağıq. Əgər bu mümkün olmazsa, biz onlara da oxşar zərər vuracağıq", - deyə bəyanatda qeyd edilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az