Dünya
Maduronun hansı şəraitdə CƏZA ÇƏKDİYİ AÇIQLANDI
Venesuelanın sabiq lideri Nikolas Maduro ABŞ-nin Bruklin həbsxanasında təxminən 6 kvadratmetr ölçüdə dar təcridxanaya yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb. Bildirilib ki, rəsmi olaraq bu cür kameralar bir neçə məqsədə xidmət edir: intizam təcridi, intiharların qarşısının alınması, xüsusilə təhlükəli və ya risk qrupunda olan məhkumların qorunması. "Sözügedən təcridxana demək olar ki, daimi təcrid şəraitində saxlanma deməkdir. Kamera təxminən üç metr uzunluğunda və iki metr enində dar bir məkandır, metal çarpayı, tualet, lavabo (tualet və ya mətbəxlərdə əl-üz yumaq üçün santexnika qurğusu) və çox az təbii işıq buraxan dar pəncərə ilə təchiz olunub", - deyə nəşr bildirib. Məlumata görə, məhkumlara həftədə üç dəfə qandallı və iki mühafizəçi müşayiəti ilə bir saat müddətinə çölə çıxmağa icazə verilir. Bu müddət ərzində onlar duş ala, telefondan istifadə edə, nəzarət altında elektron poçtu yoxlaya və ya hasarlanmış kiçik həyətə çıxa bilərlər. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Mənbə
oxu.az