Siyasət
Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər necə cərimələnəcəklər?
Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydası dəyişir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Qüvvədə olan cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, təklifə görə, cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə ediləcək. Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq. Mərahim Nəsib
Mənbə
oxu.az