Siyasət
Polşa senatının marşal müavini: "Azərbaycan işğala son qoymaqla öz gücünü nümayiş etdirdi"
"Bakı Qlobal Forumu bu gün dünyadakı ən mühüm beynəlxalq platformalardan biridir. Bu forumda müxtəlif ölkələrdən olan ciddi siyasətçilər və ekspertlər öz fikirlərini bölüşə və müasir siyasətin ən vacib mövzularını müzakirə edə bilirlər". Bu sözləri Oxu.Az-a açıqlamasında Polşa Respublikası senatı marşalının müavini Mixail Kaminski "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumunda deyib. O bildirib ki, forumun əhəmiyyəti həm də ondan ibarətdir ki, hər il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılır: "Prezident bu platformada çıxışı zamanı Azərbaycan lideri kimi dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərə çox mühüm mesajlar çatdırır. Çünki Azərbaycan müvəffəqiyyətlərin, iqtisadi uğurların, sivilizasiyanın ölkəsidir. Eyni zamanda, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazisini güc yolu ilə azad etsə də, sülhü diplomatik vasitələrlə təmin etmək kimi bir uğurun sahibidir. Bu isə bütün dünyada Azərbaycana böyük hörmət qazandırır. Siz öz gücünüzü nümayiş etdirə bildiniz və ərazilərinizin işğalına son qoymaq üçün qətiyyətinizi və cəsarətinizi sübut etdiniz. Bundan sonra isə sülhə nail olmaq üçün yüksək diplomatik bacarıqlar nümayiş etdirdiniz. Azərbaycanın bu təcrübəsi və beynəlxalq münasibətlərdə Azərbaycan modeli bugünkü dünyada çox böyük əhəmiyyət daşıyır". "Düşünürəm ki, forumun hər bir iştirakçısı ilk növbədə buraya dəvət olunmaqdan qürur duyur və eyni zamanda, çox faydalı və mühüm müzakirələrdə iştirak etdiyini qəbul edir", - deyə müsahibimiz əlavə edib. Mərahim Nəsib
Mənbə
oxu.az