Dünya
Rusiyalı oliqarx Boris Berezovskinin 13 il əvvəl meyitinin tapıldığı malikanə milyonlarla funt sterlinqə satışa çıxarıldı
Tanınmış rusiyalı oliqarx Boris Berezovskinin 2013-cü ildə meyitinin tapıldığı "Swan Lake" malikanəsi yenidən satışa çıxarılıb. Əmlakın satış elanları "Zoopla" və "Sotheby's International Realty" platformalarında yerləşdirilib. Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, tarixi binanın satışı Berezovskinin keçmiş həyat yoldaşı Qalina Beşarova tərəfindən həyata keçirilir. Berkşir qraflığının Askot şəhərində yerləşən mülk 20 milyon funt sterlinq dəyərində qiymətləndirilir. Elan məlumatlarına əsasən, lüks evin 12 vanna və 9 yataq otağı var. Ümumilikdə 10 hektara yaxın ərazini əhatə edən malikanənin satışını "Sotheby's International Realty" şirkəti icra edir. Şirkət nümayəndələri qeyd edirlər ki, vaxtilə kral ailəsinin mülkiyyətində olmuş bu bina XIX əsrdə ov evi kimi fəaliyyət göstərib. Hazırda malikanə geniş pilləkənləri, italyan mərmərindən olan döşəmələri, həmçinin buxar otağı, sauna və qapalı hovuzu özündə birləşdirən xüsusi istirahət zonası ilə tarixi irsi müasir lükslə birləşdirir. Xatırladaq ki, sözügedən lüks mülk 2017-ci ildə də satışa çıxarılmışdı.
Mənbə
oxu.az