Cəmiyyət

"Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır?" - Səhiyyə Nazirliyinin institut direktoru açıqladı

11 Mar 2026, 16:48 2 baxış
"Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır?" - Səhiyyə Nazirliyinin institut direktoru açıqladı
"Hazırda Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması üçün ən müasir laborator və molekulyar diaqnostika üsullarından istifadə olunur. O cümlədən, sürətli molekulyar testlər vasitəsilə həm vərəm bakteriyasını, həm də dərmanlara davamlılıq hallarını qısa müddətdə müəyyən etmək mümkündür". Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, bu xəstələrə daha düzgün və fərdi müalicə sxemlərinin seçilməsinə imkan yaradır: "Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər qeyd olunur. Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100 000 əhaliyə): 2015-ci ildə bu göstərici 41.1 olduğu halda, 2025-ci ildə - 21.5 qeyd olunub. Xəstələrin 2/3 hissəsi kişi, 1/3 hissəsi qadındır. Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında TDM-in (Turşuya Davamlı Mikobakteriya - Vərəm Mikobakteriyası) aşkar olunması dinamikası: 2015-ci ildə 53% aşkarlanma olduğu halda, 2025-ci ildə bu göstərici 86% çatıb. Həm həssas, həm də Dərmanlara Davamlı Xəstələrin müalicə göstəriciləri daha yüksək olub. Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2015-ci ildə ölkədə 369 uşaq və yeniyetmə vərəmlə xəstələnmişdisə, 2025-ci ildə xəstələnən uşaq və yeniyetmələrin sayı 198 olub. Hətta 2024-cü il üçün bu göstərici 278 olub, bu da əhəmiyyətli dəyişiklik olduğunun sübutudur". İradə Axundova qeyd edib ki, ən vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda vərəmin diaqnostikası və müalicəsi dövlət tərəfindən təşkil olunur və vətəndaşlar üçün tamamilə pulsuzdur: "Xəstələr dərman preparatları, laborator müayinələr və zəruri tibbi xidmətlərlə təmin olunurlar. Ölkəmizdə vərəmlə mübarizə dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsində xüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində daha yüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətini qısaltmaq mümkün olur. Səhiyyə Nazirliyi vərəmlə mübarizə sahəsində strateji planlaşdırma, metodiki rəhbərlik və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, erkən diaqnostikanın təşviqi vasitəsilə vərəmlə mübarizə tədbirləri davamlı şəkildə gücləndirilir. Ümumilikdə məqsədimiz yalnız xəstəliyin müalicəsi deyil, həm də erkən aşkarlanma, profilaktika və cəmiyyətin məlumatlandırılması yolu ilə vərəmin yayılmasının qarşısını almaqdır".
"Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır?" - Səhiyyə Nazirliyinin institut direktoru açıqladı
Mənbə oxu.az

Oxşar Xəbərlər