Siyasət

Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO

06 Mar 2026, 17:34 1 baxış
Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO
"Qonşu" İranda dünyada çox az rast gəlinən, günün günorta çağı çıraqla da axtarsaq, yenə də ancaq İranda tapa biləcəyimiz siyasi mühit, siyasi baxışlar, siyasi intriqalar, siyasi "təsir" mexanizmləri mövcuddur. Sadaladıqlarımızın unikallığı ondan ibarətdir ki, bütün bu proseslərdə insan beyninin imkanları maksimum şəkildə təcrid olunur, beyin qaranlıq zindanlarda həbs olunduqdan sonra siyasi hoqqabazlar buraxılırlar arenaya... Yekunda da adı qoyulur minlərlə yaşı olan dövlətçilik təcrübəsi... Müasir dövrdə isə hansı müstəvidən baxırsan-bax, reallığı görə bilməmək, gördüyü reallığı dərk edə bilməmək, dərk etdiyi reallığı izaholunmaz "sübutlarla" inkar etmək, buna çalışmaq, alınmayanda başına bir çuval keçirib dünyadan təcrid olunmağın adına, sadəcə, axmaqlıq deyirlər... Özü də necə axmaqlıq... Lap elə Aleksandr Dümanın dediyi kimi, eynisi, nə az, nə çox. Düma deyir ki, dahiliyin sərhədləri var, amma axmaqlıq deyilən şey heç bir sərhəd tanımır. Bax, təəssüf hissi ilə demək istəyirik ki, İranda görünən, davam edən və getdikcə artan axmaqlığın tərifi məhz belədir, sərhədsiz bir axmaqlıq...
Yəqin ki, hər birimiz ötən gün baş verən və İranın riyakar kimliyini ortaya qoyan hadisədən xəbərdarıq. Söhbət İranın dronlarının Naxçıvanın dinc infrastrukturuna endirdiyi zərbədən - bilərəkdən törədilmiş məqsədli terror aktından gedir. Heç bir şəkk-şübhə yoxdur ki, bu, təsadüfi hadisə deyil, heç bir halda ola da bilməz. İranın məqsədi isə başadüşülən deyil. Özü də uzun illərdir bu cür riyakar, iyrənc kimliyə büründüyü halda hər dəfə Azərbaycanın humanist və tolerant yanaşması ilə üzləşməsi fonunda... Demək ki, axmaqlığın siftəsi elə buradan, şadlığına şıllaq atmaqdan başlanırmış. Təbii ki, ikiüzlü molla rejimi hücumu öz üzərinə götürüb, məsuliyyətini dərk etmədi, nə bir üzr, nə bir məyusluq, nə də günahını yumaq üçün bir cəhdin şahidi olduq. Əvəzində isə İranı idarə edən şüurun axmaqlığının növbəti dəfə sərhədsiz olduğunun şahidi olduq.
Baku TV-nin ötən gün hadisə yerindən verdiyi eksklüziv kadrlarda İran dronunun qalıqlarının toplandığı torbalarla bağlı artıq məlumat vermişik və telekanal iranpərəstlər tərəfindən təxribat arqumenti kimi istifadə olunmaq cəhdlərini müşahidə etdiyimiz materialla bağlı bəyanat da verib. Aydın məsələdir ki, bu cılız provokasiyalara yerində cavab vermək gərəklidir, bu, kənardan elə cılız iranpərəst tör-töküntülərin oyunu kimi görünürdü. Ta ki bu günə qədər... Bu gün isə aydın olur ki, heç bir əsası olmayan cılız arqumentlərin arxasına nəinki cılız əlaltılar, hətta hegemonluq iddiasında olan dövlət də sığına bilirmiş. İran dövlətinin rəsmi xəbər agentliyi olan "Tasnim"də mövzu ilə bağlı material dərc olunub və bəh-bəhlə çuvalın üzərindəki "İstehsalat birliyi" ifadəsi şəksiz sübut kimi qələmə verilir. Üstəlik, öz axmaqlığının fərqində olmayan İran rejimi, dövlətinin mediası bu materialda tapdıqları "ali sübut"la öyünür, bəh-bəhlə öz əhalisinin gözlərinə soxur. Agentliyin iki milyondan çox izləyicisi olan "Telegram" kanalında da böyük iftixar hissi ilə paylaşılıb bu tarixi axmaqlıq nümunəsi.
Təsəvvür edin, İran dövləti, onun mediası, siyasi aparatları, siyasi arenası məhz bu cür sərhədsiz axmaqlığın ağuşunda uzun illərdir can çəkişir. Tarixən bir çox rüsvayçılıqlar yaşanıb, ancaq aydın məsələdir ki, hər zaman buna imza atan tərəflər hadisələri ört-basdır etməyə çalışıblar. Bu gün isə İran hətta tarixlə təzad təşkil edən tərzdə dünyaya kor baxır. Axmaqlıq bir yana, bunu bütün dünya ilə bölüşür, dövlət mediasında tirajlayır, üstəlik, bir küncə qısılıb üzü qızarmalı olduğu halda axmaqlığı ilə öyünə-öyünə qəhqəhə vurur. Bütün dövlət aparatında, siyasi idarəetmə mərkəzində, dövlətin heç bir qolunda bir nəfər sağlam beyin tapılmır ki, tapılmır...
İllərdir öz cəmiyyətinə bu cür cılız xəbərləri, yalanları sırımağa çalışan İran rejimi hər dəfə gülüş obyektinə çevrilir, bu praktika nə qədər uğursuz olsa da, qərar mexanizmlərindəki axmaqların əbləhliyi daha sərhədsizdir. İran öz "həqiqət"lərini ictimaiyyətinə, bəşəriyyətə sırımağa çalışdıqca rüsvay olur, rüsvay olduqca daha böyük axmaqlığa imza atır və bu proses sonsuz bir şəkildə davam edir... Görünür, İran üçün sağlam düşüncə barədə danışmaq artıq çox gecdir. Heç olmasa, ən başda dediyimiz kimi, başına bir çuval keçirib dünyadan təcrid olunmağa davam edə bilər. Çuval da tapılmırsa, "istehsalat birliyi"nin çuvallarından pay göndərə bilərik. Orxan Tağıyev
Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO Molla rejiminin başına çuval keçirmiş mediası: Tarixə düşən unikal axmaqlıq modeli - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər