Siyasət
Belaruslu həmkarı Ceyhun Bayramova zəng edib
Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb. Ceyhun Bayramov belaruslu həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Mənbə
oxu.az