Dünya
Yunanıstan Bolqarıstanı İranın hücumlarından "Patriot" və "F-16" ilə qoruyacaq - Balkan regionunda gərginlik
Yunanıstan Bolqarıstanı İranın ballistik raketlərindən qorumağa kömək etmək üçün "Patriot" hava hücumundan müdafiə batareyasını və iki "F-16" qırıcısını öz ərazisinin şimalına yerləşdirəcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias bolqarıstanlı həmkarı Atanas Zapryanov ilə telefon danışığından sonra bildirib. "Atanas Zapryanovla yenidən danışdım və onu Yunanıstanın Bolqarıstanı İrana qarşı ballistik raketlərdən müdafiəsində mümkün olan bütün köməyi göstərəcəyi barədə məlumatlandırdım. Vurğulamaq istəyirəm ki, qeyd olunan addımlar Bolqarıstanın xahişi ilə atılıb", - deyə Dendias bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az