Cəmiyyət
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başladı - Qalib olmaq üçün nə etməli?
Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, idarəetmə sahəsində peşəkar və perspektivli kadrların aşkar olunması, onların fərdi və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə artıq altıncı mövsümündə iştirakçıları yeni imkanlarla bir araya gətirir. Gənclər və idman nazirinin müavini, "Yüksəliş"in İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev növbəti müsabiqə üçün keçirilmiş mətbuat konfransında VI mövsümün başlanğıcı münasibətilə ötən beş ilin nəticələrinə nəzər salaraq, müsabiqənin formalaşdırdığı institusional dəyər və davamlı inkişaf dinamikası barədə məlumat verib. O bildirilib ki, müsabiqə bu müddət ərzində iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyişə nail olub, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb. Qeyd edək ki, VI mövsüm çərçivəsində qeydiyyat 16 aprel 2026-cı ilədək davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan yukselish.az vasitəsilə həyata keçirilir. Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. "Yüksəliş" qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər. İndiyədək keçirilmiş "Yüksəliş" müsabiqələri geniş ictimai maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib. Birinci müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib müəyyənləşdirilib. İkinci müsabiqədə 12 299 nəfər iştirak edib, 22 nəfər qalib adını qazanıb. Üçüncü mövsümdə 13 474 müraciət olub, 22 nəfər qalib seçilib. Dördüncü "Yüksəliş" müsabiqəsində 15 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayb, 25 nəfər qalib olub. Beşinci mövsümdə isə 16 553 nəfər qeydiyyatdan keçib və 20 nəfər müsabiqənin qalibi elan olunub. "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq sərəncam imzalanıb.
{{gallery}} Aygün Mirakif
{{gallery}} Aygün Mirakif
Mənbə
oxu.az