Dünya
Yaponiya İranda saxlanılan vətəndaşlarının azad olunmasını tələb edir
"İranda iki Yaponiya vətəndaşı saxlanılıb və rəsmi Tokio onların azadlığa buraxılmasını tələb edir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi deyib. "Hökumət qətiyyətlə bu şəxslərin azad olunmasını tələb edir və biz onlarla əlaqə saxlayırıq", - deyə nazir bildirib. O əlavə edib ki, hər iki saxlanılan şəxs sağlamdır və təhlükəsiz yerdədir. "Kyodo" xəbər agentliyinin məlumatına görə, saxlanılanlardan biri Yaponiyanın NHK telekanalının Tehran şöbəsinin rəhbəridir. Məlumata görə, o, yanvarın 20-də saxlanılıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az