Cəmiyyət

Bakı qlobal şəhərsalma mərkəzinə çevrilir: WUF13 forumundan nələr gözlənilir?

06 Mar 2026, 10:55 2 baxış
Bakı qlobal şəhərsalma mərkəzinə çevrilir: WUF13 forumundan nələr gözlənilir?
Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası (WUF13) "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ilə 17-22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbir Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunur. Ümumdünya Şəhərsalma Forumu fəaliyyətə başladığı gündən etibarən hər iki ildən bir dünyanın 12 müxtəlif şəhərində keçirilib, ilk sessiyası isə 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə reallaşdırılıb. 2023-cü ilin dekabr ayında Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış saziş Bakının bu qlobal missiyanı üzərinə götürməsini rəsmiləşdirdi. Bəs görəsən, forum hansı məsələləri əhatə edəcək? Hazırlıq işləri nə yerdədir? WUF13 tədbirində hansı yenilikləri gözləmək olar? WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, WUF13-ün mövzusu dayanıqlı şəhərsalma ilə bağlı bütün məqamları əhatə edir: "Həmçinin, insanların yaşayış infrastrukturunun təminatı ilə yanaşı, onların sosial rifahına təsir göstərən amilləri də özündə birləşdirir. Hazırda dünyada təxminən üç milyard insan layiqli mənzil şəraiti ilə təmin olunmayıb. Onlardan 1.1 milyardı isə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və iqlim dəyişikliklərindən ən çox təsirlənən qrupdur. Buna görə də hər kəs üçün uyğun yaşayış yeri təmin etmək əsas istiqamət olacaq. Lakin şəhərlərdə, digər yaşayış məntəqələrində aparılan mənzil və qeyri-yaşayış tikintisi zamanı iqlimə təsir məsələləri də diqqətdə saxlanılmalıdır. WUF13 sadəcə forum deyil, həm də Yeni Şəhərsalma Gündəliyi ilə Dayanıqlı Şəhərlər və İcmalar üzrə 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının qiymətləndirildiyi mühüm bir mərhələdir. Biz mövcud öhdəlikləri qiymətləndirəcək, boşluqları müəyyən edəcək və növbəti 10 il üçün qlobal prioritetləri müəyyənləşdirəcəyik. Tədbirin proqramına daxil olan dialoqlar siyasət və fəaliyyət gündəliyini formalaşdırır. Hər bir dialoq layiqli mənzil təminatının şəhər mühiti ilə əlaqəsini, inklüzivliyi, bərabərliyi və iqlimə dayanıqlığın təşviqini müxtəlif aspektlərdən araşdırır. WUF13 dayanıqlı şəhərlər üçün innovativ həllərin müzakirəsi, şəhər ərazilərinin qarşılaşdığı çağırışlara cavab verilməsi və yeni tərəfdaşlıqların qurulması üçün beynəlxalq platformadır". O qeyd edib ki, hazırlıq işləri artıq həlledici fazaya keçid alıb: "WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri aktiv şəkildə davam edir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları hazırda tədbir məkanında tam heyətlə fəaliyyət göstərir. Ofisin fasiləsiz, operativ və səmərəli işləməsini təmin etmək üçün bütün zəruri texniki şərait yaradılıb. Şirkət tədbirin planlaşdırılması və icrası üzrə mərkəzi əməliyyat strukturu kimi çıxış edir və hazırlıq proseslərinin idarə olunması, məkan və infrastruktur planlaşdırılması, insan resursları, təhlükəsizlik, dayanıqlı inkişaf, könüllülük proqramı, nəqliyyat, akkreditasiya, eləcə də tərəfdaşlarla koordinasiya istiqamətləri üzrə fəaliyyət göstərir. Eyni zamanda, WUF13-ün kadr potensialını gücləndirmək və əməliyyat prosesinə dəstək məqsədilə Könüllülük Proqramımız da fəaliyyətini davam etdirir. 16 min şəxs WUF13-də könüllü olmaq üçün müraciət edib. Təlimlərdən uğurla keçən 2 500 könüllü mərhələli şəkildə tədbirin müxtəlif istiqamətlərinə cəlb olunacaq. Forum dövründə WUF13 könüllüləri qonaqların qarşılanması, qeydiyyat, informasiya təminatı, sessiya və sərgi zonalarında təşkilati işlərin icrası, eləcə də mədəni proqramların həyata keçirilməsində iştirak etməklə tədbirin səmərəli təşkilinə dəstək verəcəklər. Nəzərinizə çatdırım ki, UN-Habitatın rəsmi veb-səhifəsi ilə yanaşı, www.wuf13.az veb-səhifəsi də artıq istifadəyə verilib. Azərbaycan və ingilis dillərində hazırlanmış sayt qlobal tədbirə qatılmaq istəyənlər üçün əsas bələdçi funksiyasını yerinə yetirəcək. Səhifədə iştirakçılar üçün tədbirin logistik məlumatları ilə yanaşı, Azərbaycanın zəngin mədəni irsi, təbiəti, tarixi və şəhərsalma tarixi barədə məlumatlar təqdim olunur. Platforma inklüzivlik standartlarına tam cavab verir və əlilliyi olan şəxslər üçün xüsusi əlçatanlıq imkanlarını özündə birləşdirir". Ekspert əlavə edib ki, ölkəyə səfər edəcək tədbir iştirakçıları üçün müxtəlif yerləşmə imkanları təqdim edən WUF13-ün rəsmi mərkəzi rezervasiya platforması - https://accommodation.wuf13.az/ istifadəyə verilib: "Bu platforma vasitəsilə qonaqlar hotel rezervasiyasını daha rahat və əlçatan şəkildə həyata keçirə biləcəklər. Mərkəzi rezervasiya platforması birulduzlu hotellərdən beşulduzlu hotellərə və kirayə mənzillərə qədər hər büdcəyə uyğun geniş seçimlər təqdim edir. Hazırda platformada 60-dan çox hotel və qonaqlama məkanları mövcuddur. WUF13-də iştirak üçün bu günə qədər 169 ölkədən 14 mindən çox şəxs qeydiyyatdan keçib. Qeydiyyat BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi veb-səhifəsi - https://events.unhabitat.org/ vasitəsilə həyata keçirilir. Qeydiyyat ödənişsizdir və forumun mövzularına maraq göstərən hər kəs iştirak üçün müraciət edə bilər. Tədbir məkanının ərazisində Media Mərkəzi də fəaliyyət göstərəcək. Sözügedən mərkəzdə media nümayəndələrinin rahat və səmərəli işləməsi üçün bütün zəruri şərait yaradılacaq. Canlı yayım otaqları, müsahibə otaqları, stand-up mövqeləri, mətbuat konfransı otağı və digər lazımlı infrastruktur nəzərdə tutulub. Tədbir ərzində istifadəsi planlaşdırılan simsiz cihazların qeydiyyatı və radiospektrin ayrılması üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə əməkdaşlıq çərçivəsində WUF13 Radiospektrin idarə edilməsi portalı, yerli və xarici media nümayəndələrinin istifadəsinə verilib". E.Rəsulov qeyd edib ki, Azərbaycan qonaqlara yalnız infrastruktur baxımından deyil, həm də innovativ şəhərsalma yanaşmaları, regional əməkdaşlıq təşəbbüsləri və davamlı inkişaf prinsiplərinə əsaslanan təşkilatçılıq modeli ilə fərqli təcrübə təqdim edəcək: "WUF13 dayanıqlı şəhərlər üçün innovativ həllərin müzakirəsi, eləcə də şəhər ərazilərinin qarşılaşdığı çağırışlara cavab vermək məqsədilə yeni tərəfdaşlıqların və fəaliyyətlərin qurulması üçün bir platforma rolunu oynayacaq. WUF13 çərçivəsində dövlət rəsmiləri, akademik dairələr, qeyri-hökumət təşkilatları, şəhərsalma sahəsində mütəxəssislər və iş adamları bir araya gələrək geniş fikir mübadiləsi aparacaqlar. Eləcə də bilik və təcrübələrini paylaşmaq imkanı əldə edəcəklər. Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbirinin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, martın 31-nə kimi WUF13 çərçivəsində keçiriləcək, dünyanın ən nüfuzlu şəhərsalma sərgisi sayılan, "Urban Expo" sərgisində iştirak üçün müraciət prosesi davam edir. "Urban Expo" sərgisində 35 min kvadratmetr sahədə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcəklər. Ümumdünya Şəhərsalma Forumu ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək. Bu beynəlxalq tədbir regionda indiyədək salınan və planlaşdırılan "ağıllı şəhər" və qəsəbələrin təşviqatı və vacibliyini vurğulamaq, bölgənin şəhərsalma sahəsində innovativliyini göstərmək imkanı yaradır. Bu sahədə birgə fəaliyyət və əməkdaşlıq bazasını gücləndirir. Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək". Ekspert sonda bildirib ki, bu tədbir ölkəmizin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır: "WUF13 bölgə ölkələrinin şəhər mobilliyi və ekoloji təmiz nəqliyyata üstünlük verməsinə əsas yaradır. Tədbir bu sahədə unikal müzakirə və qərar vermə məkanı kimi təcəssüm olunmalıdır. Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası Azərbaycanı daha bir sahədə mühüm əməkdaşlıq mərkəzinə çevirir. Şəhərsalma, logistika, iqlimə davamlı və hamı üçün rahat, inklüziv şəhərlər sahəsində ölkənin liderliyi bütün regionun bu sahədəki yeniliklərə açıq olmasına imkan yaradır. Eyni zamanda Azərbaycanı şəhərsalma mövzularında regional şəbəkələşmə və təcrübə mübadiləsi mərkəzinə çevirir. Bu mərkəz həmçinin qlobal və aparıcı həllərə rahat çıxışı təmin edir və yerli təcrübələri inkişafda olan ölkələrə təqdim etmək imkanı yaradır". Məhərrəm Əliyev
Bakı qlobal şəhərsalma mərkəzinə çevrilir: WUF13 forumundan nələr gözlənilir?
Mənbə oxu.az

Oxşar Xəbərlər