İqtisadiyyat

Baş nazirin müavini vergi siyasətinin yeni prioritetlərini AÇIQLADI

05 Mar 2026, 12:02 1 baxış
Baş nazirin müavini vergi siyasətinin yeni prioritetlərini AÇIQLADI
"Azərbaycan hökumətinin məqsədi iqtisadiyyata nəzarət funksiyasından tam imtina etmək deyil, onu çevik və səmərəli formata keçirməkdir". Oxu.Az xəbər verir ki, bu fikirləri baş nazirin müavini Samir Şərifov "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib. Hökumət rəsmisi bildirib ki, iqtisadi inkişaf inzibati tənzimləmə ilə yox, etimada əsaslanan münasibətlər sistemi ilə mümkündür: "Məqsədimiz nəzarət funksiyasından tam imtina etmək və ya onu minimuma endirmək deyil, hədəf onu daha ağıllı, daha səmərəli və iqtisadi proseslərə uyğun formata çevirməkdir". O bildirib ki, vergi siyasəti yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi yox, iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm mexanizm kimi qiymətləndirilməlidir: "Bundan başqa, Azərbaycanın iqtisadi siyasətinin orta və uzunmüddətli perspektivdə əsas istiqamətləri qeyri-neft-qaz sektorunun genişləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, rəqəmsal həllərə söykənən rəqabətqabiliyyətli istehsalın və xidmətlərin təşviqi, dayanıqlı məşğulluq modelinin qurulmasıdır". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər