İqtisadiyyat

Baş katib: "SOCAR-ın İtaliya bazarına daxil olması ölkədə emal və satış sahəsini canlandıra bilər"

04 Mar 2026, 15:46 1 baxış
Baş katib: "SOCAR-ın İtaliya bazarına daxil olması ölkədə emal və satış sahəsini canlandıra bilər"
"2.5-3 milyard avro həcmində qiymətləndirilən əməliyyat dəyəri bu aktivin yüksək strateji mövqeyini açıq şəkildə nümayiş etdirir. Dövlət sistemi baxımından investorun orta və uzunmüddətli dövrə hesablanmış etibarlı sənaye proqramını reallaşdırmaq bacarığı ilkin maliyyə parametrləri ilə müqayisədə daha böyük önəm daşıyır". Oxu.Az xəbər verir ki, bu sözləri Ümumdünya Enerji Şurasının İtaliya üzrə Komitəsinin ("WEC Italy") baş katibi Mikele Vityello "Report"a müsahibəsində deyib.
O bildirib ki, SOCAR-ın iştirakının, proqnozlaşdırıldığı kimi, neft emalı müəssisələrinin modernizasiyasına, texnoloji proseslərin təkmilləşdirilməsinə, həmçinin anbar və logistika infrastrukturunun genişləndirilməsinə kapital yatırımlarına gətirib çıxaracağı təqdirdə, bu razılaşma İtaliya ərazisində "downstream" seqmentinin, yəni emal və satış sahəsinin yenidən canlandırılmasına təkan verə bilər: "Avropanın neft emalı sahəsi hazırda mənfəətliliyin aşağı düşməsi və ətraf mühit standartlarının daha da sərtləşməsi ilə müəyyən olunan mürəkkəb mərhələdən keçir. Bu cür şəraitdə kapital resurslarına çıxışın mövcudluğu və dəqiq sənaye vizyonunun olması müəssisələrin rəqabət potensialını, dayanıqlılıq səviyyəsini və Avropanın energetika sektorunda dəyər yaratma zəncirinə inteqrasiya imkanlarını gücləndirə bilər. İtaliya bazarında möhkəm mövqe tutmuş və yerli icma ilə konstruktiv əməkdaşlıq prinsipini əhatə edən ardıcıl strategiyanın tətbiqi ilə müşayiət edilən əməliyyat güclü katalitik təsir göstərə bilər". Baş katib "Italiana Petroli" İtaliyada ən böyük yanacaqdoldurma stansiyaları şəbəkəsini idarə edir. SOCAR-ın şaquli inteqrasiya olunmuş enerji şirkəti kimi gəlişi pərakəndə yanacaq bazarının strukturuna və rəqabətə necə təsir edə bilər? Bunun son istehlakçılar üçün qiymət siyasətinə və xidmət keyfiyyətinə təsiri mümkündürmü" sualına belə cavab verib: "4 500-dən artıq yanacaqdoldurma kompleksini əhatə edən geniş şəbəkə "Italiana Petroli" şirkətinin başlıca aktivi hesab olunur və bütün ölkə üçün qürur mənbəyidir. SOCAR kimi şaquli inteqrasiya olunmuş operatorun bu prosesə qoşulması satınalma mərhələsindən tutmuş son paylanma pilləsinə qədər bütün təchizat zəncirinin effektivliyinə müsbət töhfə verə bilər. Bu, miqyas effekti yaratmağa imkan verəcək və logistik proseslərin təkmilləşdirilməsini dəstəkləyəcək". M. Vityello daha sonra bildirib ki, yanacaq məhsullarının maya dəyərinə münasibətdə bir vacib məqamı vurğulamaq gərəkdir: "Qiymətyaratma mexanizmi əsasən neft məhsullarının beynəlxalq birja kotirovkaları, habelə İtaliyada bir sıra digər ölkələrlə müqayisədə xeyli yüksək olan vergi öhdəlikləri ilə müəyyən edilir. Məhz bu səbəbdən təkcə mülkiyyətçinin dəyişməsi nəticəsində qiymət siyasətində fundamental dəyişikliklər gözləmək doğru olmazdı. Sövdələşmənin keyfiyyət baxımından təsirinin daha çox şəbəkənin modernləşdirilməsinə yönəlmiş kapital qoyuluşu, təklif olunan xidmətlərin rəqəmsal transformasiyası, çeşidin genişləndirilməsi və multienerji həllərinin mərhələli şəkildə həyata keçirilməsi vasitəsilə hiss olunacağı proqnozlaşdırılır. Buraya alternativ yanacaq növləri üçün infrastrukturun qurulması, eyni zamanda elektrik nəqliyyatının təşviq edilməsi də aid edilir. Bu kontekstdə rəqabət mübarizəsinin innovativ yanaşmalar və müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində daha da güclənməsi mümkündür. Çoxşaxəli qarşılıqlı əməkdaşlıq hər zaman rəqabət mühitinə müsbət təsir göstərir və son nəticədə istehlakçıların xeyrinə işləyir".
Mənbə oxu.az

Oxşar Xəbərlər