İqtisadiyyat
BVF-dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq
Hərbi qarşıdurmalar fonunda enerjidaşıyıcılarının qiymətində artım müşahidə olunur və maliyyə bazarlarında qeyri-sabitlik hökm sürür. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi internet resursunda yayılan açıqlamada deyilir. Mövcud vəziyyətin son dərəcə dəyişkən olduğu bildirilməklə vurğulanır ki, bu hal, onsuz da, mürəkkəb olan beynəlxalq iqtisadi mühiti daha da gərginləşdirir. Fondun bəyanatında deyilir ki, regiona və qlobal iqtisadi sistemə dəyəcək ziyanı indidən dəqiq hesablamaq hələ tezdir. Bu təsir münaqişənin əhatə dairəsindən və nə qədər davam edəcəyindən asılı olacaq. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu aprel ayında təqdim edəcəyi icmalda Yaxın Şərq böhranının təsirləri barədə daha geniş təhlil verməyi nəzərdə tutur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-sabitlik davamlı xarakter alarsa, bu, neft və qaz qiymətlərinə, eləcə də dünya bazarlarına ciddi təsir göstərə bilər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az