Cəmiyyət
Şəhid qızı: "Doğma yurda qayıtmaqdan böyük xoşbəxtlik ola bilməz"
"Bu gün həyatımın ən xoşbəxt günüdür. Şəhid qızı və bacısı olaraq öz doğma yurduma qayıtmaqdan böyük xoşbəxtlik ola bilməz". Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Xocavənd rayonuna köç edən keçmiş məcburi köçkün İcarət Quliyeva deyib. O bildirib ki, Xocavəndin Qaradağlı kəndində ikiotaqlı mənzillə təmin olunub: "Şükürlər olsun ki, bu gün bizə qismət oldu. Gedib Qarabağımızda, öz evimizdə yaşayacağıq. Prezident İlham Əliyevin sayəsində biz 35 ildən sonra öz doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, cavanlarımıza, xalqımıza bir daha müharibə göstərməsin. Bizə gözəl ev verilib, obamıza xoşbəxt qayıdırıq. Ailəmiz üç nəfərdən ibarətdir - qızım, nəvəm və mən. Artıq ölsəm də, dərdim olmaz". "Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" - deyə o qeyd edib. Qeyd edək ki, bu gün Kəlbəcər şəhərinə 27 ailə - 118 nəfər, Xocavənd şəhərinə 41 ailə - 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə - 196 nəfər köçürülür. Məlik Məlikov
Mənbə
oxu.az