İqtisadiyyat

Ölkədə buğda istehsalı və tədarükünə ayrılan subsidiya nə məqsəd daşıyır?

19 Feb 2026, 17:40 1 baxış
Ölkədə buğda istehsalı və tədarükünə ayrılan subsidiya nə məqsəd daşıyır?
Pərviz Heydərov Dövlət tərəfindən, yəni büdcədən bu və ya digər sahəyə subsidiya, yaxud dotasiya ayrılırsa bəllidir ki, bu, həmin sahədə ya itkiləri kompensasiya etmək, ya da daha yaxşı nəticə və keyfiyyət əldə etmək üçün stimul yaratmaq məqsədi daşıyır. Və o da bəllidir ki, subsidiya hüquqi və fiziki şəxslərə, müəssisələrə geri qaytarılmamaq şərti ilə verilən maddi yardım, güzəşt və ya pul vəsaiti hesab olunur. Qeyd edim ki, ötən əsrin 70-80-ci illərində sovet dövründə dotasiya və subsidiyalaşdırma siyasəti dövlət büdcəsi vəsaitlərinin səmərəsiz yerə israf olunmasında əsas mexanizm xarakteri daşıyırdı. Çünki məqsədə və təyinata uyğun olaraq həyata keçirilmirdi. Bu, o demək deyildi ki, subsidiyalaşdırma səmərəsiz vasitə və siyasət xarakter daşıyır, xeyr. Tənzimlənən iqtisadi mexanizm şəraitində bu mexanizmə və alətə xüsusən böyük ehtiyac vardır ki, ölkəmizdə də bu alətdən istifadə olunur. Bizdə dövlət subsidiyalaşdırılmaşından əsas etibarilə kənd təsərrüfatında, sahibkarlığın inkişafı, turizm və "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlərdə istifadə edilir ki, ən böyük hissə aqrar sektor ilə sosialyönümlü layihələrin payına düşür. Taxıl (əsasən buğda) istehsalı üçün ayrılan subsidiyalar isə son illər ərzində əhəmiyyətli dərəcədə artdığından ümumən aqrar sahəyə ayrılan subsidiya vəsaitlərinin əsas hissəsini təşkil etməyə başlayıb.
Ümumiyyətlə, buğda istehsalı və tədarükü Azərbaycanda dövlət tərəfindən ən çox dəstəklənən aqrar məhsul sayılır. Ancaq, ortada nəticə varmı? Bu sahədə subsidiyalaşdırma stimullaşdırıcı xarakter daşıyıbmı və yaxud daşıya bilirmi? Təəssüf ki, yox... Statistikaya nəzər salsaq, məsələn, ötən il, yəni 2025-ci ildə kənd təsərrüfatı üçün 1 milyard 203.8 milyon manat xərc ayrılmışdısa, 2025-2026-cı əkin ili üzrə ilkin olaraq 217 mindən çox fermerin kartına 77 milyon 154 min manat vəsait köçürülüb. Nəticəyə gəldikdə, 2025-ci ilin avqust ayına olan məlumata görə, ölkədə 1 milyon 583 min ton buğda istehsal olunmuşdu ki, ümumi taxıl yığımısa (qarğıdalısız) 2 milyon 386 min tondan çox təşkil edib. Bu fonda ötən il ölkəyə 1 milyon 267.3 min ton buğda idxal edilib. İdxalın ümumi dəyəri 275 milyon 626 min ABŞ dolları təşkil edib ki, əvvəlki illə (2024) müqayisədə idxal həcmi cəmi 1.9%, məbləğsə 1.5% səviyyəsində azalıb. Buğda idxalına çəkilən xərclər ölkəmizin ümumi idxal xərclərinin təxminən 1.13%-nə bərabər olub. Cari ilin ilk ayı, 2026-cı ilin yanvarında isə ölkəyə 28 milyon 872 min ABŞ dolları dəyərində 129 933 ton buğda gətirilib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə dəyər baxımından 54.4%, həcm baxımındansa 50% çox deməkdir. Ona görə də, Hesablama Palatası tərəfindən də qeyd edildiyi kimi, Dövlət başçısının "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19.07.2022-ci il tarixli Fərmanı ilə ölkəni ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək məqsədilə ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq beş il müddətinə məhsul subsidiyası tətbiq edilməsinə də baxmayaraq idxal artır, yerli istehsal və tədarük isə azalır. Yeri gəlmişkən, ölkədə taxıl istehsalçılarının stimullaşdırılmaq üçün yanacaq və motor yağlarına görə yardımların, həmçinin buğda və çəltik səpininə görə birbaşa subsidiyaların verilməsinə hələ 2007-ci ildən başlanmışdır. 2020-ci ildən isə ölkə başçısının 27 iyun 2019-cu il tarixli Fərmanı ilə yeni mexanizm tətbiq edilməyə - subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilməsinə start verilib ki, bu sistem çərçivəsində buğda əkinləri üçün baza məbləği (hazırda 200 AZN) və müvafiq əmsallar tətbiq olunur. Dövlət eyni zamanda bazarı tənzimləmək üçün tədarük qiymətləri də müəyyən edib. 2024 və 2025-ci illər üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton səviyyəsindədir. 2026-cı il üzrə isə dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üçün 1 milyard 222.1 milyon manat vəsait nəzərdə tutulub ki, bu vəsaitin təxminən 42%-i (513 milyon manat) ərzaq təhlükəsizliyi tədbirlərinə, 40%-i (490 milyon. manat) isə meliorasiya işlərinə yönəldiləcək. Buna baxmayaraq, cari ildə də ölkəmizdə taxıl, xüsusən də buğda istehsalı və tədarükünün qənaətbəxş səviyyədə olmayacağı əsas mənfi proqnozlar sırasındadır. Girişdə qeyd etdim ki, büdcədən bu və ya digər sahəyə subsidiya, yaxud dotasiya ayrılırsa bu, həmin sahədə ya itkiləri kompensasiya etmək, ya da daha yaxşı nəticə və keyfiyyət əldə etmək üçün stimul yaratmaq məqsədi daşıyır. Ölkədə taxıl, xüsusən buğda istehsalı və tədarükü əgər, subsidiyalaşdırılmasaydı idxaldan nə dərəcədə asılı vəziyyətdə olardıq? Sual olunur, ölkəmizdə ərzaqlıq buğda istehsalı və tədarükünə dövlət tərəfindən subsidiya verilməsi bu sahədə kəsiri və itkiləri kompensasiya etmək məqsədi daşıyır, yoxsa daha yaxşı nəticə və keyfiyyət əldə etmək?
123
Mənbə oxu.az

Oxşar Xəbərlər