Dünya
ABŞ min nəfər proqramçı axtarır: Maaş 200 min dollardır
ABŞ Administrasiyası Maliyyə Nazirliyi və NASA da daxil olmaqla federal departamentlərdə süni intellekt (Sİ) və digər qabaqcıl texnologiyaların tətbiqi üçün təxminən min nəfər proqram təminatı mühəndisinin işə qəbulunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) Ağ Evin Texniki Qüvvələr proqramının insan resursları şöbəsinin rəhbəri Skott Kupora istinadən məlumat yayıb. İlon Mask və Sem Altman kimi texnologiya üzrə milyarderlər Prezident Donald Tramp administrasiyasının federal agentliklərin rəqəmsal infrastrukturunu sürətlə modernləşdirməsini təmin edən elit heyətin inkişafına dəstək verəcəklər. Administrasiya "Apple", "Coinbase", "Microsoft", "Nvidia", "OpenAI", "xAI" və "Palantir" kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq edir. "Tech Force" proqramına artıq 10 mindən çox müraciət daxil olub. İşə qəbul qərarları namizədin ali təhsili və ya iş təcrübəsindən çox bacarıqlarına əsaslanacaq. "FT"nin məlumatına görə, seçilmiş namizədlər ildə 150-200 min dollar arasında maaş alacaq ki, bu da federal hökumətdəki başlanğıc səviyyəli İT mütəxəssislərinin orta əmək haqqından xeyli yüksəkdir.
Mənbə
oxu.az