İqtisadiyyat

Azərbaycanda büdcə gəlirləri proqnozu üstələdi

12 Feb 2026, 15:24 1 baxış
Azərbaycanda büdcə gəlirləri proqnozu üstələdi
2026-cı ilin ilk ayında dövlət büdcəsinin icrasında artım tempi qeydə alınıb. Bu müddət ərzində xəzinədarlıq orqanları 37 mindən artıq ödəniş əməliyyatını həyata keçirib və büdcə gəlirlərinin toplanmasında yüksək nəticələr əldə olunub. Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilir. Qeyd olunub ki, cari ilin yanvar ayında dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 3 707.3 milyon manat olub. Bu göstərici aylıq proqnozdan 32 milyon manat və ya 0,9 faiz çoxdur. Büdcə gəlirlərinin strukturuna nəzər saldıqda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təmin edilən daxilolmalar 2 050.3 milyon manat olmaqla proqnozu 50.3 milyon manat (2.5 faiz) üstələyib. Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar 487 milyon manat təşkil edib ki, bu da proqnozdan 2 milyon manat (0.4 faiz) çoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4.9 milyon manat olaraq proqnozu 0.2 milyon manat (4.4 faiz) keçib. Sair daxilolmalar 31 milyon manat təşkil edərək proqnozdan 3.1 milyon manat (11.2 faiz) artıq olub. Dövlət Neft Fondundan edilən transfert isə 1 070 milyon manat həcmində olmaqla proqnoza 100 faiz uyğun icra edilib. Bununla yanaşı, büdcədən maliyyələşən təşkilatların göstərdiyi ödənişli xidmətlərdən əldə olunan vəsait 64.1 milyon manat təşkil edib və bu istiqamətdə proqnoz 73.1 faiz səviyyəsində yerinə yetirilib. Yanvar ayı ərzində dövlət büdcəsinin xərcləri nəzərdə tutulan 1 500 milyon manatlıq proqnoza qarşı 1 437.6 milyon manat həcmində icra olunub ki, bu da 95.8 faiz deməkdir. 2026-cı ilin yanvar ayında icmal büdcənin gəlirləri 4 411.9 milyon manat, xərcləri isə 1 717.5 milyon manat təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər