Cəmiyyət
Xalq artisti: "Yazıçı beş manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
"Yazıçılar teatra gəlmirlərsə, aktyorları ittiham etməyə haqları yoxdur". Oxu.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində Xalq artisti Qurban İsmayılov deyib. Aktyor bildirib ki, əgər hansısa yazıçı onu kitab oxumamaqda ittiham edirsə, o da onlara sual edib: siz niyə teatra gəlmirsiniz? "Tutaq ki, İlqar Fəhmi hansısa bir əsərini səhnəyə qoyur, öz qələm dostlarını dəvət edir, gəlirlər, amma başqa vaxt beş manatından keçib gəlirlərmi? Yox. O zaman mən niyə beş manatımdan keçib sənin kitabını almalıyam? Bu, tək yazıçılara aid deyil. Lap rəssamlar olsun. Söhbət əgər bir-birimizi günahlandırmaqdan gedirsə, biz də günahlandıra bilərik. Tamaşaya gəlməyən rəssam necə məni sərgiyə getməməkdə günahlandıra bilər?" Xalq artisti onu da əlavə edib ki, aktyorlar onsuz da işlərinə görə mütaliə edirlər: "Mən aktyoram, onsuz da bu işin içindəyəm, oxuyuram. Oynadığımız əsərlər mütaliə deyil ki? Şekspir mütaliə deyil? Stanislav Stratiyev (bolqar yazıçısı, ssenarist, - red.) mütaliə deyil? Şiller mütaliə deyil? Elə müəlliflər var ki, heç onu mənəm-mənəm deyən kitab adamları tanımırlar, amma mən oxumuşam, məlumatım var. Yəni nəticə etibarilə aktyor camiəsi istər-istəməz mütaliəli olur, buna görə də bizə "kitab oxumurlar" damğasını vurmaq olmaz".
Mənbə
oxu.az