İqtisadiyyat
Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsindəki təcrübəsindən faydalanmaqda maraqlıdır
"Hörmətli Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev güclü siyasi iradə və vizyoner liderlikləri ilə Türkiyə və Azərbaycan arasındakı qardaşlığı strateji müttəfiqlik səviyyəsinə çatdırıblar. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi yalnız siyasi və təhlükəsizlik sahəsində deyil, iqtisadi sahədə də güclü bir strateji çərçivə təmin edir. Bu çərçivə iş dünyasına güvən mühiti və uzunmüddətli planlama imkanları yaradır". Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan - Türkiyə İKT biznes forumunda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib. O bildirib ki, artıq sahibkarlar və investorlar sağlam siyasi, hüquqi zəmin üzərində daha cəsarətli və qərarlı addımlar ata bilirlər: "Qarabağ Zəfəri ilə Cənubi Qafqazda barış ümidlərinin artması və beynəlxalq aktorların bölgəyə artan marağı yeni imkanlar və fürsətlər ortaya çıxarır. Bu prosesdə Türkiyə və Azərbaycan koordinasiyalı addımlarla həm regional, həm də qlobal sahələrdə güclü əməkdaşlıq modeli sərgiləyirlər. İş birliyimizin əsas sahələri enerji, inşaat və infrastruktur, kənd təsərrüfatı və ərzaq sənayesi, səhiyyə, turizm, informasiya texnologiyaları və müdafiə sənayesidir. Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsində qazandığı zəngin təcrübədən faydalanmaqda maraqlıdır. Eyni zamanda, Azərbaycan da öz potensialını Türkiyə ilə birgə gücləndirməyə hazırdır". Səfir əlavə edib ki, dövlət və özəl sektor arasında qurulacaq tərəfdaşlıqlar iki ölkə arasında rəqəmsallaşma sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldəcək: "Məqsədimiz birlikdə işləmək, birgə inkişaf etmək və ölkələrimizin gələcəyini daha sağlam etməkdir. Bu çərçivədə 2026-cı il üçün 10 maddədən ibarət fəaliyyət planı hazırlanıb və biz bu planı yaxından izləyəcək, hər imkan daxilində dəstəyimizi göstərəcəyik. Yerli tərəfdaşlara önəm verən və əlavə dəyər yaradan təşəbbüslərin qarşılığı olacağına inanırıq. Artıq ənənəvi sahələrdə güclü əməkdaşlığımız mövcuddur və indi texnoloji sahədə də işlərimizi dəyərli layihələrə çevirmək vaxtıdır". Məhərrəm Əliyev
Mənbə
oxu.az