Cəmiyyət

Azərbaycanın "Çelentanosu"nun doğum günüdür

09 Feb 2026, 18:02 2 baxış
Azərbaycanın "Çelentanosu"nun doğum günüdür
Fevralın 9-da Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür. Oxu.Az xatırladır ki, Əsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində çoxsaylı obrazlara həyat verib. Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, "Şair" ("Evləri köndələn yar", Anar), "Milis" ("Yaşıl eynəkli adam", V.Səmədoğlu), "Nökər" ("Mehmanxana sahibəsi", K.Haldoni), "Dəmir-qaya" ("Topal Teymur", H.Cavid), "Narsatan" ("Qatarda", İ.Məlikzadə), "Gümrah" ("Alov", M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrün səhifələri" ("Ələsgər"), "Xoşbəxtlik qayğıları" ("Əlövsət"), "Bəyin oğurlanması" ("Ələsgər"), "Tehran-43" ("Qulam Rza") və başqa bədii filmlərin də iştirakçısı olub.
Xüsusilə "Bəyin oğurlanması" filmindəki "Ələsgər" obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilib. 2002-ci ildə Əsgər Məmmədoğlu "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu Azərbaycanın "Çelentanosu" deyə çağırırdılar. Sənətkar uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkib. Sevilən aktyorun qan təzyiqi və öd kisəsində problem də onun səhnədə yeni obrazlar yaratmasına ciddi mane olurdu. Əsgər Məmmədoğlu səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Bir müddət müalicə aldıqdan sonra vəziyyəti stabil olsa da, 2015-ci il dekabrın 15-də sənətkarın səhhəti yenidən pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, istedadlı aktyor 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib. Ələsgər Məmmədoğlu "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər