Cəmiyyət

Nərminə Abdinbəyova: "Bir çox insanlar yerli sağlamlıq məhsullarından xəbərsizdirlər"

07 Feb 2026, 17:18 2 baxış
Nərminə Abdinbəyova: "Bir çox insanlar yerli sağlamlıq məhsullarından xəbərsizdirlər"
"Nine Senses" incəsənət mərkəzində bu gün keçirilən Sağlamlıq Günündə sağlam məhsullar yarmarkası təşkil etmişik. Burada iştirakçılar üçün sağlam və təbii məhsullar təqdim edən bir neçə yerli brend təqdim olunub". Bu sözləri Oxu.Az-a açıqlamasında "Shoppingaz"ın təsisçisi və direktoru Nərminə Abdinbəyova deyib. O bildirib ki, yaratdığı platforma Azərbaycanda yerli istehsalçıları birləşdirən yeganə onlayn platformadır: "Hazırda saytımızda tamamilə fərqli sahələri əhatə edən 200-dən artıq brend təqdim olunur. "Nine Senses" Mərkəzi ilə çox sıx əməkdaşlıq edirik. Burada Azərbaycan sənətkarları fəal şəkildə dəstək görürlər. "Nine Senses"in hər bir filialında Azərbaycan istehsalçılarına məxsus xüsusi "Made in Azerbaijan" bölməsi mövcuddur. Bu bölmələrdə onların əl işi olan məhsulları ilə tanış olmaq mümkündür. Bu gün Sağlamlıq Günü çərçivəsində biz, həmçinin sağlam yerli məhsullar yarmarkası təşkil etmişik. Yarmarkada ziyarətçilər üçün bir neçə brend təqdim olunur. Bunlar sağlam qida məhsulları, şokolad və yağlardır. Eyni zamanda, burada ekoloji davamlı məhsullar da yer alır. Bunlara ekomateriallardan hazırlanmış geyimlər və ekoloji qablaşdırmada bitkiəsaslı ətirləri ehtiva edən parfümeriya məhsulları daxildir. Belə möhtəşəm bir tədbirin bir hissəsi olmaqdan xoşbəxtik". Nərminə Abdinbəyova vurğulayıb ki, bir çox insan Azərbaycanda sağlamlıq üçün faydalı məhsullar istehsal edildiyini hələ də bilmir: "Azərbaycan istehsalı olan məhsullar hər zaman böyük maraqla qarşılanır. Məsələ ondadır ki, bu gün Azərbaycanda, xüsusilə Bakıda istehsal olunan yüzlərlə yerli brend mövcuddur. Lakin bir çox insan hələ də bilmir ki, biz öz parfümeriyamızı, öz qəhvə kapsullarımızı və sağlamlıq üçün faydalı çeşidli məhsulları istehsal edirik. Məhz buna görə də hər dəfə yeni brendlər təqdim olunduqda ziyarətçilər onları böyük maraqla izləyir, tanış olur və satın alırlar. Bu isə istehsalçılar üçün çox böyük dəstəkdir. Yerli əhali nə qədər çox məhsullarımızdan xəbərdar olsa, bizim üçün təkcə Azərbaycanda deyil, həm də xarici bazarlarda inkişaf etmək bir o qədər asan olacaq". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər