Cəmiyyət
"İdrak"da idrakımıza açılan atəş
Kubra Məhərrəmova yazır... Bu səhər ölkənin adlı-sanlı, yeri gəlmişkən bahalı (illik tədris haqqı 16 500 manat) məktəblərindən birində açılan atəş səsi hər kəsi yuxudan oyatdı. Belə ki, Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələdi. Bu ana qədər məlumat ondan ibarətdir ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Allah şəfa versin. Məktəbə işə gedib orada odlu silahdan yaralanmaq da qəribə bir taledir. Taleyi bir tərəfə qoyub aşağıdakı məsələlərə diqqət çəkmək istərdim. İlk növbədə belə çıxır ki, istər bahalı (özəl) məktəb olsun, istərsə də dövlət məktəbi, demək, təhlükəsizlik məsələsinə səthi yanaşılıb. Atəş açan uşağın ov silahını evdən aparması, məktəbə keçirməsi də suallar doğurur. Belə çıxır ki, hər yoldan keçən bir ov silahını çiyninə alıb adıçəkilən "İdrak" liseyinə keçirə bilər. Bu arada "İdrak" liseyinin böhran vəziyyətinə hazırlıqsız olması da ayrı mövzudur. Ölkə bir-birinə dəyib, prokurorluq artıq hadisə ilə bağlı məlumat yayıb, müəllim əməliyyat olunur, liseyin rəhbərliyi deyir ki, "hamısı medianın təxribatıdır, belə bir hadisə olmayıb". Elə bu münasibətdən bilinir ki, "İdrak" hələ də baş verənləri idrak edə bilməyib. Uzun sözün qısası, liseyin təhlükəsizlik təminatı və rəhbərliyin hadisəyə münasibəti də göz qarşısındadır, yeniyetmə saxlanılıb, müəllim isə əməliyyat masasında ölüm-qalım savaşı verir. Sual olunur, necə oldu ki, belə bir vəziyyət yarandı? Son dövrlər gündəmi zəbt edən "mafiya babaları" haqqında filmlər, sosial şəbəkələrdə "AUE"çilərin (AUE - "Арестантский уклад един") təbliğatı artıq "bəhrəsini" verir. İllərdir "kişi ol", "yaxşı oğlan" təbliğat maşının arxasında formalaşan minlərlə, onminlərlə savadsız, biliksiz, adını belə yazmağı bacarmayan gənclər ordusu yaranıb. Savadı olmayan kütlə üçün kumir yaratmaq çox asandır. Fizika qanunlarını bilməyən biri üçün hər şey "möcüzədir". Batareya ilə işığı yanan üzük "göylərin xeyir-duasıdır". Yəni savad, bilik və təhsil gördüyümüz vəziyyətdə olanda kütlə ya xurafata, ya da kriminala üz tutacaq. Təhsil institutumuz çoxdan komadadır, bioloji ölüm faktı isə sadəcə qeydə alınmır. Heç bir özəl məktəb, lisey və digər təhsil qurumu isə bu məsələni həll edə bilməyəcək. Çünki hər şey hərlənib-fırlanıb ümumtəhsil ocaqlarından keçir. İstər özəl, istərsə də dövlət. Savad-biliyi bir tərəfə qoyaq, diqqət edin, uşaq və yeniyetmələrin tərbiyəsi hər il daha da aşağı düşür. Bəli, hər uşaq öz evinin aynasıdır və ailəsində nə varsa, onu da məktəbə daşıyır. İndi deyəcəksiniz ki, bəs məktəb nə etsin? Məktəb varlı-kasıb fərqi qoymadan hər bir şagirdə eyni davranışı nümayiş etdirməlidir. Şagirdlər arasında yaşanan istənilən konflikt maksimal dərəcədə araşdırılmalı və ədalətli qərar çıxarılmalıdır. Uşaqlar anlamalıdırlar ki, günahkar cəzasını alacaq. Burada ədalət prinsipləri uşaq yaşlarından tərbiyə olunmalı və ədalət mexanizmi prizmasından aşınmalıdır. Nizam-intizam hər kəs üçün eyni qaydada işləməlidir. Uşaq anlamalıdır ki, qaydalar hər kəs üçün eynidir. Bu, onun üçün ən böyük tərbiyə dərsi, nəsihət olacaq. Həmçinin şagirdlərin qiymətləndirilmə məsələləri də diqqətə alınmalıdır. Mən hələ də xatırlayıram, məktəbdə oxuyanda qiymətimi kəsirdirlər. Hər dəfə məndən daha zəif şagirdlərin qiymətləri isə yüksəlirdi. Təbii ki, bu gün də yüzlərlə, minlərlə şagird-tələbə belə hallarla qarşılaşır. Hər fərd də bunu bir cür dəyərləndirir. Onun psixo-emosional vəziyyəti növbəti addımları atmağa vadar edir. Ədalət prinsiplərinin işləmədiyini görən kəs təbii ki, qanun-qaydanı, ədaləti başqa yerdə "küçədə" axtaracaq. Ədalət olmayanda mütləq ki, həmin yerdə kriminal aləm "romantikləşəcək". Küçədə isə haqlı yox, güclü qalib gəlir. Təbliğat maşını isə bir şeyi təlqin edir, ədalət yalnız güclə, kriminal yollarla bərpa edilməlidir. Diqqət edin, savadsızlıq, tərbiyənin olmaması cəmiyyətdə aqressiyanı pik həddə çatdırıb. İnsanlar yolda, küçədə, maşında, dükanda hər yerdə aqressiv davranış sərgiləyirlər. İstər kişi, istərsə də qadınlar. Artıq məsələni cinsə ayıra bilmirik. Məktəblərin arxa bağçalarında bir-birini döyən, saçlayan yeniyetmə qızlar, kriminal qaydalarla bir-birinə xəsarət yetirən yeniyetmə oğlanlar, hamısı eyni tablonun hissələridir. Bu davranış modelləri isə bir daha qeyd edirəm film və seriallarda, sosial şəbəkələrdə təbliğ olunan "mənəviyyatın" nəticəsidir. Kitab oxumayan adam üçün "dəniz qulduru" olmaq ən normal haldır. Çünki o yaxşı yaşamaq istəyir. Bunun üçün heç bir imkanı yoxdur. Qazana bilmək şansı da həmçinin. Odur ki, ən doğrusu "kriminal aləmə" baş vurmaqdır. Lakin yeniyetmə və gənclər anlamırlar ki, bütün əyri yollar həbsxanaya aparır. Ya da həbsxanaya çatmadan hansısa qaranlıq tində bıçaqlanıb yolda qalmaqdır. Şəxsən mən gəncliyimizi qaranlıq küçələrdə, qanı axan vəziyyətdə görmək istəmirəm. Elmin, texnologiyanın inkişafı olan yerdə gənclərimizin düşüncəsinin bu səviyyədə olmasını da arzu etmirəm. Bütün hallarda nəsə etməliyik. Çünki biz susduqca, sabah "mafiya babaları" danışacaq.
Mənbə
oxu.az