İqtisadiyyat
Səkkiz aparıcı OPEC+ ölkəsi mart ayında neft hasilatını artırmamaq qərarını qüvvədə saxladı
Səkkiz aparıcı OPEC+ ölkəsi neft hasilatının artırılmasını dayandırmaq qərarını qüvvədə saxlayıb və mart ayı üçün neft hasilatı kvotalarını 2025-ci ilin dekabr ayı səviyyəsində qoruyub. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə OPEC-in rəsmi bəyanatında bildirilib. Qeyd olunur ki, razılaşma tərəfləri dəyişən bazar şərtlərindən asılı olaraq gündəlik 1,65 milyon barel həcmində olan kvotanın qismən və ya tam şəkildə, həmçinin tədricən yenidən tətbiq edilə biləcəyini təsdiqləyiblər. OPEC ənənəvi olaraq vurğulayıb ki, ölkələr bazar şərtlərini qiymətləndirməyə davam edəcək və hasilatın tədricən artırılması bazar dinamikasından asılı olaraq dayandırıla və ya təxirə salına bilər. Beləliklə, Rusiya üçün 2026-cı ilin mart ayı üzrə neft hasilatı kvotası gündəlik 9,574 milyon barel, Səudiyyə Ərəbistanı üçün 10,103 milyon barel, İraq üçün 4,273 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri üçün 3,411 milyon barel, Küveyt üçün 2,580 milyon barel, Qazaxıstan üçün 1,569 milyon barel, Əlcəzair üçün 971 min barel, Oman üçün isə gündəlik 811 min barel müəyyən edilib. Bu göstəricilər 2025-ci ilin dekabr ayı, eləcə də 2026-cı ilin yanvar-fevral ayları üçün qüvvədə olan kvotalarla eynidir.
Mənbə
oxu.az