Cəmiyyət
Mənsum İbrahimov Özbəkistanda təltif olunmasından danışdı: "Azərbaycan mədəniyyətinə verilən qiymətdir"
Xalq artisti Mənsum İbrahimov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Yeni Özbəkistan ulduzları" mükafatının təntənəli təltifolunma mərasimində fəxri qonaq qismində iştirak edib. O, Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə "Mədəniyyət və sənət fədakarı" medalı ilə təltif olunub. Təəssüratlarını Oxu.Az-a bölüşən Xalq artisti bildirib ki, Özbəkistanla Azərbaycan arasında əlaqələr son illərdə daha da inkişaf edir və digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrdə inkişaf var: "Bu dəfə də Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən Daşkənd şəhərində "Özbəkistan ulduzları" adlı layihə təqdim olundu və təltifolunma mərasimi keçirildi. Azərbaycandan iki nəfər fəxri qonaq qismində tədbirə dəvət olunmuşdu - mən və Xalq artisti Gülyanaq Məmmədova. Amma bu mükafatı almaq bizim üçün sürpriz oldu. Çünki dəvət olunanda bu barədə xəbərsiz idik, gözləmirdik". Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında, əlaqələrin qurulmasında göstərdiyimiz xidmətlərə görə "Mədəniyyət və sənət fədakarı" medalı ilə təltif olunduq. Bu mükafatı həm bizim əməyimizə verilən dəyər, həm də Azərbaycan mədəniyyətinə verilən qiymət kimi qəbul edirəm", - deyə muğam ustası əlavə edib. Mərahim Nəsib
Mənbə
oxu.az