Digər
"Agro Dairy"nin təşəbbüsü ilə məktəblilər üçün "Gələcəyini kənd təsərrüfatında qur" adlı yeni maarifləndirici layihəyə start verilib
Ölkənin aparıcı aqrar şirkətlərindən olan "Agro Dairy"nin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə regionlarda təhsil alan yuxarı sinif şagirdlərini əhatə edərək, gənclərin gələcək ixtisas və karyera seçimlərində kənd təsərrüfatının əhəmiyyətinə diqqət çəkməyi hədəfləyir. Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında strateji mövqeyə malik əsas sahələrdən biri olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və regionların davamlı inkişafında həlledici rol oynayır. Sahənin gələcək potensialı isə bilikli, innovativ düşüncəyə malik və məqsədyönlü gənc nəslin formalaşması ilə birbaşa bağlıdır. "Gələcəyini kənd təsərrüfatında qur" layihəsinin əsas məqsədi gənclərə bu sahənin ənənəvi fəaliyyət çərçivəsindən kənara çıxarıb innovasiya, texnologiya və davamlı inkişaf imkanları ilə formalaşan müasir karyera istiqaməti kimi təqdim etməkdir. Proqramın ilkin mərhələsində 500-dən çox şagirdi əhatə edən maarifləndirici infosessiyalar Gəncə şəhər 44 nömrəli məktəb-liseyi və Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, eləcə də Samux rayonunun Çobanabdallı kənd məktəbində təşkil olunub. Görüşlər zamanı "Agro Dairy"nin peşəkar mütəxəssisləri tərəfindən şagirdlərə kənd təsərrüfatının müasir inkişaf tendensiyaları, aqrar sahədə mövcud və perspektivli ixtisaslar, yeni peşə istiqamətləri, eləcə də real karyera imkanları barədə ətraflı və praktik məlumatlar təqdim edilib. Təşəbbüsün davamı olaraq layihənin coğrafiyası genişləndirilərək, region gəncləri üçün bilik, təcrübə və peşəkar mentorluq imkanlarını özündə birləşdirən yeni fəaliyyətlərin təşkili planlaşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az