Siyasət
Suriya dilemması - Savaş bitir, yoxsa ikihakimiyyətlilik yaranır?
Suriyada proseslər yenidən kritik mərhələyə daxil olub. Rəsmi Dəməşqlə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Həsəkə qubernatorluğunun gələcəyi ilə bağlı əldə olunan ilkin razılaşma regionda illərdir davam edən qarşıdurmanın sonu kimi təqdim edilsə də, reallıq daha mürəkkəb mənzərə ortaya qoyur. Razılaşma kürdlərin Suriya dövlətinə inteqrasiyasını nəzərdə tutsa da, təhlükəsizlik və idarəetmə mexanizmləri faktiki olaraq ikihakimiyyətlilik riskini gündəmə gətirib. Eyni zamanda, ABŞ-nin 2014-cü ildən bəri SDQ-yə verdiyi dəstəyin zəifləməsi və Avropanın proseslərdən geri çəkilməsi Suriyada güc balansını dəyişib. Türkiyə dəstəkli hökumət qüvvələrinin SDQ-nin nəzarətində olan ərazilərə doğru irəliləməsi isə terror təşkilatının güc balansına dair faktiki əhəmiyyət vermədiyi layihəni gündəmdən çıxarır. Bu baxımdan əsas sual açıq qalır: Suriyada kürdlər həqiqətən mərkəzi hakimiyyətə inteqrasiya olunur, yoxsa ölkə yeni və daha riskli ikihakimiyyətlilik modelinə sürüklənir? Mövzu ilə bağlı Oxu.Az-a danışan Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Muxtar Fatih Beydili bildirib ki, Suriya ordusu ilə separatçı terror təşkilatı Suriya Demokratik Qüvvələri (SDQ) arasında elan edilən atəşkəs 15 gün müddətinə uzadılıb:
"Rəsmi açıqlamalara görə, müddətin uzadılmasının səbəbi ABŞ-nin Suriyanın şimal-şərqində saxlanılan minlərlə İŞİD məhbusunun İraqa köçürülməsi prosesinə dəstək göstərməsi ilə bağlıdır. Lakin mövcud vəziyyət bu izahı çoxdan arxa plana keçirib. Bu, həll edilə bilməyən terror probleminin müvəqqəti ertələnməsidir. Atəşkəsin ardıcıl şəkildə uzadılması tərəflərin reallığın fərqində olduğunu göstərir. Dəməşq artıq aydın şəkildə anlayır ki, SDQ mövcud strukturu ilə Suriya dövlətinə inteqrasiya oluna bilməz. SDQ isə hərbi baxımdan uzunmüddətli müqavimət göstərə bilməyəcəyini bilir. Lakin İraq-İran sərhədi yaxınlığında, Zaqros dağlarında yerləşən və PKK terror təşkilatının əsas qərargahı kimi tanınan Kandildən gələn göstərişlər səbəbindən vaxt qazanmağa çalışır". "18 yanvarda elan edilən və "14 maddəlik uzlaşma" kimi təqdim olunan sənəd əslində Suriya dövlətinin SDQ-yə ünvanladığı son təklif idi. Bu təklifə Rakka və Deyr əz-Zordan tam geri çəkilmə, enerji resurslarının mərkəzi hökumətə təhvil verilməsi, sərhəd-keçid məntəqələrinin dövlət nəzarətinə qaytarılması, silahlı üzvlərin fərdi şəkildə Suriya ordusuna inteqrasiyası, PKK mənşəli xarici döyüşçülərin Suriya ərazisindən çıxarılması daxil idi. Bu şərtlər bir dövlət üçün normaldır, lakin terror təşkilatı üçün mövcudluğunu qoruması baxımdan problemdir. Məhz buna görə razılaşma icra olunmadı və SDQ lideri Məzlum Abdi geri addım atdı. Nəticədə toqquşmalar yenidən başladı" - deyə, müsahibimiz əlavə edib. O bildirib ki, SDQ-nin problemi hərbi yox, siyasi xarakter daşıyır: "Bu struktur öz gələcəyi ilə bağlı müstəqil qərar qəbul etmək iqtidarında deyil. Çünki yerli qüvvələr var, amma siyasi iradə yoxdur. Əşirətlər mövcuddur, lakin söz sahibi deyillər, siyasi sistem var, qərar mərkəzi isə Kandildir. Eləcə də davranış modeli və "qırmızı xətləri" PKK ilə eynidir. İnteqrasiya gündəmə gələn kimi Kandildən "yox" cavabı verilir. Silahların təhvili müzakirə edilən kimi proses sabotaj olunur. Dövlət hakimiyyəti yaxınlaşan kimi xaos yaradılır. Çünki inteqrasiya PKK/YPG-nin Suriyadakı mövcudluğunun sona çatması deməkdir. Bu səbəbdən SDQ öz iradəsinə malik deyil, yerli əhali adından danışa bilmir, ərəb əşirətləri və Suriyanın gələcəyi ilə bağlı qərar verə bilmir". "Bu gün Suriya dövləti SDQ-nin əsl mahiyyətini aydın şəkildə görür. Onlar vaxt qazanan, prosesi sabotaj edən, xarici güclərə arxalanan, dövlət suverenliyini qəbul etməyən terror strukturudur. Bu səbəbdən rəsmi Dəməşq ani hərbi addımlar əvəzinə, terror strukturunu daxildən zəiflədir ki, bu da qısamüddətli əməliyyat deyil, planlı ləğvetmə strategiyasıdır" - dərnək sədri əlavə edib. O diqqətə çatdırıb ki, ABŞ artıq Suriyada qalıcı olmaq niyyətində deyil: "Tramp dövründən etibarən Vaşinqtonun yanaşması dəyişməyib. "Tək dövlət, tək mərkəz". SDQ ABŞ üçün əvvəlcə müvəqqəti alət idi, bu gün isə strateji yükə çevrilib. ABŞ geri çəkildikcə ərəb komponenti dağılır, logistika zəifləyir, komanda sistemi çökür. Geriyə yalnız Kandildən gələn göstərişlər qalır. Lakin bu göstərişlər mövqe qorumağa kifayət etmir. Bu prosesdə həlledici faktorlardan biri də Türkiyədir. Ankaranın mövqeyi aydındır və dəyişməzdir: Cənub sərhədində PKK dövləti olmayacaq, Suriya parçalanmayacaq, terror strukturları legitimləşdirilməyəcək. Türkiyənin açıq dəstəyi ilə Suriya ordusu daha qətiyyətlidir, əşirətlər daha cəsarətlidir, terror təşkilatı isə getdikcə təklənir. SDQ daxilində müşahidə olunan panikanın əsas səbəbi də məhz budur. Uzadılan atəşkəs SDQ-ni xilas etməyəcək, sadəcə qaçılmaz sonu bir qədər təxirə salacaq. Türkiyənin açıq dəstəyi ilə Suriya dövləti bütün separatçı terror strukturlarına qarşı qəti mövqe sərgiləməkdə davam edəcək. Bu mərhələdən sonra sual "nə olacaq?" deyil, "nə vaxt bitəcək?"dir. Yəni separatçı terror təşkilatlarının sonu heç vaxt olmadığı qədər yaxındır. Bu gün Suriyada məsələ etnik kimlik məsələsi deyil, dövlətlə terror arasında seçimdir. Ərəblər, kürdlər, türkmənlər, druzlar, xristianlar və digər icmalar ölkənin parçalanmasına qarşı ortaq mövqedədirlər. Xüsusilə Suriya türkmənləri tarix boyu olduğu kimi bu gün də dövlətin yanında, ərazi bütövlüyünün müdafiəsində, separatçı layihələrin qarşısındadırlar. Türkmənlər ərəb qardaşları ilə çiyin-çiyinə Suriyanın birliyini və ortaq gələcəyini qorumaqda qətiyyətlidirlər". Mərahim Nəsib

Mənbə
oxu.az