Türkiyədə Əhməd bəy Ağaoğlu haqda kitab nəşr olundu
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Azərbaycan–Türkiyə ictimai fikir tarixinin önəmli simalarından olan Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib.
Mərkəzdən Kult.az-a verilən məlumata görə, layihə çərçivəsində Əhməd bəy Ağaoğlunun indiyədək araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, gündəlik qeydləri, onunla bağlı müsahibələr və arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” adlı kitab Türkiyə türkcəsində nəşr edilib.
Kitabı nəşrə azərbaycanlı tarixçi və araşdırmaçı, dosent Dilqəm Əhməd hazırlayıb.
Nəşrdə Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər və fotoşəkillər də ilk dəfə oxuculara təqdim olunub.
Kitabın Türkiyədəki universitetlərdə geniş təqdimatının keçirilməsi, eləcə də aparıcı ali məktəblərə və kitabxanalara hədiyyə olunması nəzərdə tutulur.