İqtisadiyyat
Fermerlərə şaxtavurmaya görə bir milyon manata yaxın ÖDƏNİŞ EDİLİB
Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti - qar yağıntısı, şaxtavurma və donvurma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir. Aqrar Sığorta Fondu (ASF) müşahidə olunan qeyri-sabit hava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvə bağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciət etməyə dəvət edib. Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi əkin sahələrini çox sayda riskdən, o cümlədən şaxtavurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır. Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər ASF tərəfindən qarşılanır. Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və sürətlə artmaqdadır. Belə ki, indiyədək ASF tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib. Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib. Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə ASF tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib. Xatırladaq ki, hazırda ASF 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.
Mənbə
oxu.az