İqtisadiyyat
"Aqrarkredit" QSC-nin 10 milyon manatlıq mülkləri satışa çıxarılır
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bank olmayan kredit təşkilatının (BOKT) balansında olan əmlaklar hərraca çıxarılır. Oxu.Az xəbər verir ki, fevralın 4-də keçiriləcək hərracda BOKT-nin dörd əmlakı hərraca çıxarılacaq. Hərraca çıxarılan əmlaklar arasında ən dəyərli olanı Şəki şəhəri, Salman Mumtaz küçəsində yerləşən 29.8 hektar torpaq sahəsidir ki, hərracda start satış qiyməti 4 milyon 246 min 200 manat olaraq qeyd edilib. BOKT-yə məxsus digər əmlaklar: - Şəki şəhəri, Salman Mumtaz küçəsində yerləşən 7.3 hektar torpaq sahəsi 1 milyon 41 min 300 manat; - Şəki şəhəri, Salman Mumtaz küçəsində yerləşən 7.1 hektar torpaq sahəsi 1 milyon 12 min 500 manat; - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsi 3 milyon 600 min manat başlanğıc qiyməti ilə hərraca çıxarılacaq. Hərraca çıxarılan mülklərin ümumi dəyəri 9 milyon 900 min manata bərabərdir. Rəşid Qarayev
Mənbə
oxu.az