Cəmiyyət

19 yaşlı 20 Yanvar şəhidinin faciəli taleyi: "Tankların arasında qalıb əzilmişdi"

20 Jan 2026, 17:30 2 baxış
19 yaşlı 20 Yanvar şəhidinin faciəli taleyi: "Tankların arasında qalıb əzilmişdi"
20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlardan biri də Firuz Cabbarovdur. Şəhidlik zirvəsinə ucalanda 19 yaşı olub. Kəlbəcər rayonunda doğulan Firuz Cabbarov təhsil almaq üçün Bakıya gəlib və həmin dövrdə baş verən haqsızlıqlara, xalqımızın başına gətirilən müsibətlərə səssiz qala bilməyib. Şəhidin bacısı Gülanə Cabbarova qanlı hadisəni və sonradan yaşananları Baku TV-yə danışıb.
Onun sözlərinə görə, ailə bir neçə gün Firuzdan xəbər ala bilməyib: "Üç gün sonra axşam qardaşımı gətirdilər, tankların arasında qalıb əzilmişdi. Atam onu yaşatmağa çalışdı, amma mümkün olmadı, çünki çox ağır xəsarətlər almışdı". O bildirib ki, qardaşı son nəfəsinədək Vətənə bağlılığından dönməyib: "Qardaşım söylədi ki, onlara "gəncsiniz, çıxın tankların qarşısına, bəlkə, gəncliyinizə bağışlayarlar" deyiblər. Tələbələr də ələ-ələ verib tankların qabağına çıxıblar". Gülanə Cabbarova qeyd edib ki, qardaşı ona hər zaman xüsusi qayğı göstərərmiş: "Saçımı həmişə özü darayardı, gül düzərdi. Ölüm ayağında isə mənə dedi ki, məndən sonra saçını kəs. Mən də saçımı kəsib onun məzarına qoydum".
Mənbə oxu.az

Oxşar Xəbərlər