Cəmiyyət

Lerikin işıqsız qalan kəndlərinə elektrik enerjisinin verilişi ilə bağlı RƏSMİ: "Bu gün problem həll olunacaq"

20 Jan 2026, 17:34 2 baxış
Lerikin işıqsız qalan kəndlərinə elektrik enerjisinin verilişi ilə bağlı RƏSMİ: "Bu gün problem həll olunacaq"
Ötən gündən Lerik rayonuna yağan güclü qar bir çox kəndlərin elektrik enerjisi ilə təminatında problem yaradıb. Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər. Qeyd olunub ki, yağan güclü qar yolları bağlayıb. "Yolları təmizləyən olmadığına görə işıq idarəsindən də gəlib iş görə bilmirlər. Kəndlərdə neçə yerdə ağaclar qarın ağırlığından aşıb, yolu kəsib. Onları doğrayıb götürmək lazımdır ki, yol açılsın. Yol açılmasa, necə gəlib işıq düzəldəcəklər?"- deyə kənd sakini bildirib. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən cənub rayonlarının xüsusi ilə dağ kəndlərində müəyyən qəza halları baş verdiyi təsdiq edilib. "Güclü qarın yağması nəticəsində bir çox hallarda ağacların aşması elektrik xətlərində qəza hallarının yaranmasına səbəb olub. Bu səbəbdən yollar bağlı olduğuna görə qəza xidmətimiz əraziyə vaxtında çatmaqda çətinlik çəkib. Digər aidiyyəti qurumlarla birgə yolların açılmasına səy göstərilib. Amma "Azərişıq" əməkdaşları öz təşəbbüsləri ilə yolun təmizlənməsində iştirak ediblər.
Qəza baş verən ərazilərin böyük əksəriyyətində problem aradan qaldırılıb. Hazırda Lerik rayonu üzrə 200-ə qədər abonentimiz işıqsızdır və onların da elektrik enerjisinin bərpa edilməsi istiqamətində qəza xidmətlərimiz çalışırlar. Hətta yolu keçilməz olan bəzi ərazilərdə belə əməkdaşlarımız piyada və yaxud da atların vasitəsilə qəza yerinə çatmağa çalışırlar. Gün ərzində baş verən bütün qəzalar aradan qaldırılacaq", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər