İdman
Qurban Qurbanov yeni transferin ANONSUNU VERDİ
"Bu turnirin çəkisi böyükdür. Burada rəqib komandanın probleminin olduğunu fikirləşmək olmaz". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, məşqçi dəyişikliyi, hansısa futbolçunun yoxluğu belə komandalara təsir etmir: "Onlar yüz illərdir futbol oynayır, köklü klubdurlar. Belə turnirlər onlar üçün əlavə motivasiya verir. Seçimləri çoxdur və futbolçular bir-birini əvəz edə bilir. "Ayaks" barədə danışanda elə fikirlər yaranır ki, sanki zəif komandaya uduzmuşuq. Futbolçularla danışığımız olub və rəqibin gücünü bilməli olduğumuzu qeyd etmişik. Bunlara uyğun işimizi qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgəsində hansısa problem var. Belə halların tez-tez şahidi oluruq. Böyük komandalar belə situasiyalara hazırdırlar. Əsas məsələ bizim hazırlığımızdır. Hazırlıq planımızdakı düşüncələri, əminliyi sabah meydanda göstərə bilsək, yaxşı oyun keçirəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Baxmayaraq ki, rəqib Bundesliqadan gəlir, əlimizdə şans varsa, niyə istifadə etməyək? Biz çox ideya, fikir verə bilərik, lakin vacib məqam futbolçuların meydanda nələr etməsidir. Tempimizi qorumaq önəmlidir. Az qələbə qazanaq, öz oyunumuzla qazanaq". Q.Qurbanov klubunun qış fasiləsini də dəyərləndirib: "İstirahət üçün vaxtımız oldu. Bəzi komandalar üçün fasilə yararlı olmaya bilər. Ancaq düşünürəm ki, bizim üçün faydalıdır. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi futbolçuların kiçik zədələri var idi, bərpa etdik. Bəzi oyunçular optimal formadan uzaq düşə bilər, amma bu fasilənin ancaq faydası oldu". Baş məşqçi transfer barədə də danışıb: "Gözlənti çoxdur, olmalıdır. Maneə olmazsa, baş tutacaq. Azı bir keçid olmalıdır". Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə
oxu.az