Cəmiyyət

20 Yanvarın şahidi: "Təcili yardım maşınlarını belə atəşə tuturdular"

20 Jan 2026, 14:34 2 baxış
20 Yanvarın şahidi: "Təcili yardım maşınlarını belə atəşə tuturdular"
"1990-cı ilin yanvar ayı idi. Artıq Bakı və bölgələrdə etiraz aksiyaları keçirilirdi. Hər gün işdən çıxıb, axşam şəhərin müxtəlif istiqamətlərində toplanırdıq. Yanvarın 19-u da axşam saatlarında Bakının "Şamaxinka" adlanan ərazisinə toplaşdıq". Bunu Oxu.Az-a açıqlamasında qanlı 20 Yanvar hadisələrinin canlı şahidi, "Bakı Metropoliteni" QSC-nin əməkdaşı Mansur Qocayev deyib. O, həmin hadisələri belə xatırlayır:
"1989-cu ildən Bakı metropolitenində işləyirəm. Yanvarın 19-da axşam saatlarında evdən çıxıb, camaat toplaşan əraziyə getdim. Ocaq yandırıb, dayanmışdıq. Hava soyuq idi. "Salyan kazarması"ndan bir tank gəlib, yanımızda dövrə vurub getdi. Düşünmədik ki, nəsə olar. Gecə saat 12-nin yarısında "Salyan kazarması"ndan tanklar bizim dayandığımız istiqamətə hərəkət etməyə başladı. Arxayın idik ki, bizim ordumuz bizə atəş açmaz. Çünki o vaxt sovet ordusunu öz ordumuz hesab edirdik. Ona görə ki, biz hamımız o orduda xidmət etmişdik. Haradan ağlımıza gələrdi ki, onlar bizə atəş açacaqlar? Qətiyyən belə bir hərəkət gözləmirdik".
M.Qocayev bildirib ki, təxminən 10-15 dəqiqədən sonra Biləcəri istiqamətindən də tanklar gəlməyə başlayıb: "Bir də gördük ki, tanklar və əlisilahlılar bizi mühasirəyə aldılar. Əvvəlcə silahlılarla əlbəyaxa olduq. Bizim adamlardan bəziləri silahları onlardan almağa cəhd etdilər. Amma sayca üstün idilər deyə ala bilmədik. Birdən-birə bizə atəş açmağa başladılar. Qoca-cavan, yaşlı-uşaq bilmədən hamıya atəş açırdılar. Bizdə isə heç nə yox idi. Əliyalın qaldıq silahlıların qarşısında. Ərazidəki 16 mərtəbəli binanı da atəşə tutdular. Bir də gördüm ki, ayağım istiləndi. Gördüm ki, məni də vurublar. Yanımdakı mülki şəxslər məni gətirdilər beşmərtəbəli binanın birinci mərtəbəsinə. Oraya gələndə gördüm ki, ölən və yaralıların sayı-hesabı yoxdur, qan su yerinə axır.
Təcili yardım çağırdıq. Silahlı şəxslər təcili yardım avtomobillərini də atəşə tutur, maşınların bizə yaxınlaşmasına, yardım etməsinə imkan vermirdilər. Bir təcili yardım avtomobili gizli yollarla həyətə daxil oldu, yaralıları götürdü, məni də onlarla birlikdə gətirdilər Respublika Klinik Xəstəxanasına. Xəstəxanaya daxil olanda dəhşətə gəldim. Palatalarla yanaşı, dəhlizləri də yaralılarla dolu idi. Həkimlər, tibb bacıları bir-bir yaralıları əməliyyata götürürdülər. Əməliyyata çatmamış ölən kim, əməliyyatda ölən kim... Dəhşət idi. İndi də danışanda gözümün qarşısına gəlir o mənzərə". Şahid bildirir ki, əliyalın insanlara hücum edən silahlıların kimliyi də bilinmirdi: "Birinci dedilər, ruslardır, sonra dedilər ki, ermənilərdən də köməyə gətiriblər. Əksəriyyəti saqqallı silahlılar idi. Heç kimə rəhm etmədən hamını güllələyirdilər". Samir Əli Video: Əqdəm Qasımov
20 Yanvarın şahidi: "Təcili yardım maşınlarını belə atəşə tuturdular" 20 Yanvarın şahidi: "Təcili yardım maşınlarını belə atəşə tuturdular"
Mənbə oxu.az

Oxşar Xəbərlər