İdman

Qurban Qurbanov: "Joni Montiel hələ tam hazır deyil"

20 Jan 2026, 14:43 1 baxış
Qurban Qurbanov: "Joni Montiel hələ tam hazır deyil"
"Joni Montiel hazırlıq dönəmində qollar vurmasına baxmayaraq, hələ tam hazır deyil". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Montiel uzun müddət futboldan uzaq qalmışdı: "Bu gün durumu pis deyil. Reallığa baxsaq, gələndən çox əziyyət çəkib. İşinə peşəkar yanaşıb. Ondan razıyam. Hər bir halda, bu gün onu tam hazır hesab etmirəm. Belə böyük oyunlarda onun təcrübəsinə ehtiyac var. Ümumən, hazırlığından razıyam. İnanıram ki, belə davam etsə, daha yaxşı ola bilər. Məşqçi kimi çalışacağam ki, onu yaxşı səviyyəyə gətirə bilək". "UEFA Çempionlar Liqasında çıxış etməyin yerli çempionatdakı oyunlara təsiri olur. Özünüz şahidi olursunuz ki, belə matçlardan sonra çempionatda xal itkilərimiz çox olub. Şükürlər olsun, neçə ildir, belə qrafikə baxmayaraq, yerimizi qorumuşuq. Digər ölkələrə baxanda görürsən ki, komandaların avrokuboklardan sonra çox problemləri olur. Bizdə də bəzən psixoloji yorğunluq, nəticələr çempionat matçlarına təsirini göstərir. Premyer Liqanın səviyyəsi artıb, indi daha çox güc sərf edirik, yarış çətinləşir. Çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Bunun üçün bizim 11 yox, 20-21 futbolçumuz var. Belə anlarda digər futbolçuların üzərinə böyük yük düşür. Bəzən üzdə olan futbolçularımız komanda üçün faydalı olsa da, ehtiyat heyətimiz daha faydalı ola bilir. Tempi saxlaya bilməsək, çempionatda qalib gələ bilməsək, növbəti il nə Çempionlar Liqasında, nə Avropa Liqasında ola bilərik", - deyə baş məşqçi bildirib. Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər