Cəmiyyət
20 Yanvar faciəsinin şahidi: "Tankları təcili yardım maşınlarının üzərinə sürürdülər"
"1990-cı ilin 20 yanvar günü çalışdığım Kürdəmir rayon xəstəxanasının təcili yardım şöbəsindən Bakıya təcili xəstə gətirəsi olduq. Paytaxta çatanda artıq qırğın başlamışdı, hadisələrin necə baş verdiyi gördüm". Bu sözləri Oxu.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Birinci Qarabağ müharibəsi veteranı Əsgər Əliyev deyib. O bildirib ki, rayondan gətirdiyi xəstəni "Semaşko" adlanan xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəzə - red.) çatdırandan sonra təcili yardım maşının ilə şəhərə dönərək, qırğında yaralananların daşınmasına kömək edib: "Şəhərdə xəstəxanaya çatdırmaq üçün yaralılardan birini götürdük. Lakin mənə dedilər ki, maşını "Salyan kazarması"nın həyətində saxlayım. Çünki tankları məhz təcili yardım maşınlarının üzərinə sürürdülər. Çox dəhşətli gün idi". "1992-93-cü illərdə isə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Döyüşlərdə iki dəfə yaralanmışam. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə, Ə.Əliyev qeyd edib. Mərahim Nəsib
Mənbə
oxu.az