Siyasət

Bastrıkinin "ört-basdır məktubu"nun məkrli məqsədi: "Günahlarını etiraf etməyə öyrəşməyiblər"

07 Jan 2026, 17:40 1 baxış
Bastrıkinin "ört-basdır məktubu"nun məkrli məqsədi: "Günahlarını etiraf etməyə öyrəşməyiblər"
"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Azərbaycan Baş Prokurorluğuna ünvanladığı məktubun məqsədi AZAL-ın təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri cinayət təqibindən, mühakimədən yayındırmaqdır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı mətbuatda yayılan sənədi şərh edərkən deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin oktyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə məsələnin ədalətli araşdırılması üçün lazımi addımlar atılacağına dair söz verib:
"Rəsmi Moskva təyyarəmizin vurulmasına görə ötən ilin sonunadək istintaqın nəticələrinə uyğun prosedurların icra ediləcəyini bildirmişdi. Bastrıkinin bu müəmmalı məktubunun əsas məqsədi isə hadisədə günahı olanları cinayət məsuliyyətindən yayındırmaq cəhdidir. Burada məntiq ondan ibarətdir ki, Rusiya günahını etiraf etməyə öyrəşməyib. Məhz ona görə də məsələ bu qədər uzanır. Beynəlxalq hüquqda bütün mübahisəli məsələlərin həlli üçün qaydalar və tələblər mövcuddur. Lakin bu, daha çox kağız üzərində qalır. Dünyada kifayət qədər özbaşınalıqlar baş verir və beynəlxalq hüququ pozanlara qarşı heç bir addım atılmır. Sual yaranır, beynəlxalq hüquq haradadır? Bu gün beynəlxalq hüququn real təsir gücü yoxdur. Bu, daha çox kiçik ölkələr üçün keçərlidir. Böyük dövlətlər isə bu cür cinayətlərə göz yumur və proseslər cavabsız qalır". Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar. Onlardan cəmi 29 nəfər sağ qalıb. Ötən il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib. Məlik Məlikov
Bastrıkinin "ört-basdır məktubu"nun məkrli məqsədi: "Günahlarını etiraf etməyə öyrəşməyiblər"
Mənbə oxu.az

Oxşar Xəbərlər