Siyasət
"Məsuliyyətini dərk etməyənlər cəzalandırılacaqlar" - Deputat Prezidentin mesajlarını şərh etdi
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini, eləcə də qarşıdakı dövr üçün strateji prioritetlərinə dair aydın mənzərə yaradır. Bu müsahibə dövlətin sosial-iqtisadi inkişafı, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və idarəetmədə islahatlara dair mühüm mesajlarla yadda qaldı. Bu baxımdan, dövlət başçısının səsləndirdiyi fikirləri ölkənin gələcək inkişaf vizyonunun ictimaiyyətə açıq təqdimatı kimi də dəyərləndirə bilərik. Deputat Səbinə Salmanova Oxu.Az-a açıqlamasında dövlət başçısının müsahibəsinin müasir dövrdə ölkəmizin daxili və xarici siyasətinin mahiyyətini, habelə gələcək inkişaf istiqamətlərini aşkar şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, Azərbaycan prezidentinin müsahibəsi sadəcə ötən dövrün yekunlarına baxış deyil, eyni zamanda ölkəmizin formalaşdırdığı yeni reallıqların və strateji baxışın ictimaiyyətə açıq təqdimatıdır: "Artıq ənənə halını almış bu formatda həyata keçirilən müsahibələr Prezident İlham Əliyevin cəmiyyətlə açıq dialoqa verdiyi önəmin bariz nümunəsidir. Dövlətimizin başçısının bu cür müsahibələri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Müsahibə zamanı səsləndirilən fikirlər mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, görülən işlərin və qarşıda duran vəzifələrin ictimaiyyətə aydın şəkildə çatdırılmasına xidmət edir. Bu çıxışlar həm ölkə vətəndaşları üçün dolğun informasiya mənbəyi rolunu oynayır, həm də Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə düzgün anlaşılmasına şərait yaradır. Prezident İlham Əliyevin fikirləri dövlət siyasətinin ardıcıllığını, məqsədyönlülüyünü və milli maraqlara əsaslandığını bir daha nümayiş etdirir". Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət həm vətəndaşların sosial rifahının yüksəldilməsinə, həm də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəlib: "Bu, dövlətin iqtisadi siyasətinin əsas prinsiplərindən biri olaraq, həm sosial, həm də investisiya yönümlü yanaşmanın təcəssümüdür. Ölkədə həyata keçirilən layihələr nəticəsində iqtisadi artım təmin olunmaqla yanaşı, əldə olunan vəsaitlərin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xərclənməsi prioritet kimi müəyyən olunub. Dövlətimizin başçısı da müsahibəsində bildirdi ki, son 7 il ərzində ölkəmizdə 5 sosial islahat paketi icra olunub. Bu proqramlar ölkə əhalisinin böyük hissəsini əhatə edib. Belə ki, təqribən 4 milyon insan sosial müdafiə tədbirlərindən faydalanıb. İcra olunan islahatlara ayrılan vəsaitin həcmi isə təxminən 8 milyard manat olub. Hesab edirəm ki, bu da dövlətin sosial siyasətə verdiyi önəmin və vətəndaş rifahına yönəlmiş ardıcıl strategiyanın bariz göstəricisidir". "Prezident müsahibəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işlərinə xüsusi diqqət ayırıb. Hazırda burada yaşayan insanlar üçün hər bir şərait yaradılır. Vətəndaşlarımızın həmin ərazilərdə rahat və təhlükəsiz yaşamaları üçün genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Dövlətin həyata keçirdiyi bu tədbirlər yalnız ərazilərin fiziki bərpasını təmin etmir, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına, bölgədə normal və dayanıqlı həyatın qurulmasına imkan yaradır. Hazırda bu işlər gecə-gündüz böyük sürətlə davam etdirilir. Cənab Prezident müsahibəsində qeyd edib ki, azad edilmiş ərazilərdə artıq təxminən 70 min insan yaşayır. Dövlət başçısı eyni zamanda keçmiş məcburi köçkünlər üçün yeni müjdə verərək bildirib ki, bu ilin sonuna qədər ola bilər azad edilmiş ərazilərdə 120-140 min əhali yaşayacaq, çalışacaq. Bu, dövlətin hər bir vətəndaşına qayğısının, həmçinin azad edilmiş torpaqların sürətli sosial-iqtisadi inkişafının bariz göstəricisidir". Parlamentari Prezident İlham Əliyevin müsahibəsi zamanı ölkədə həyata keçirilən kadr islahatlarına toxunmasına da münasibət bildirib: "Dövlət başçımız tərəfindən hər zaman aparılan kadr siyasətinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılması, dövlət və vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi, eyni zamanda sosial ədalət prinsiplərinin tam təmin olunmasıdır. Prezident həmişə icra başçılarına yerlərdə insanlara diqqətlə yanaşmağı, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrə yol verməməyi, iş adamlarının fəaliyyətinə mane olmamağı əsas prinsip kimi müəyyənləşdirir. Ölkə başçımız müsahibəsində onu da xüsusi vurğuladı ki, "etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil". Prezidentin prinsipial mövqeyi ondan ibarətdir ki, vəzifə tutmaq imtiyaz deyil, məsuliyyətdir və bunu dərk etməyən şəxslər gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Son illər korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı həyata keçirilən tədbirlər, aparılan araşdırmalar və verilən məhkəmə qərarları bu siyasətin ardıcıl və dönməz olduğunu sübut edir". Mərahim Nəsib
Mənbə
oxu.az
Oxşar Xəbərlər