Cəmiyyət
Ov mövsümü ilə bağlı YENİ QƏRAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub. Oxu.Az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb. Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı. "Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb". Xidmət rəsmisinin sözlərinə görə, mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün 20 dekabr - 1 fevral tarixləri arasında açılması məqsədəuyğun hesab edilib. "Ov mövsümü müddətində vətəndaşları mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə, ov qaydalarını pozmamağa və qanunsuz ov hallarına yol verməməyə çağırırıq", - məlumatda bildirilib.
Mənbə
oxu.az