Siyasət

Hikmət Babaoğlu: "Heydər Əliyev olmasaydı, bugünkü tarixi zəfərimiz də olmazdı"

12 Dec 2025, 09:54 1 baxış
Hikmət Babaoğlu: "Heydər Əliyev olmasaydı, bugünkü tarixi zəfərimiz də olmazdı"
"Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. O, Azərbaycan xalqının milli identikliyini təmin edən azərbaycançılıq ideologiyasının müəllifidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib. O bildirib ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edərək, xaosdan çıxararaq müstəqil dövlət quruculuğu yoluna çıxaran böyük siyasətçi olub: "O, həmçinin bu il 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanın ilk Konstitusiyasının - milli Konstitusiyamızın yaradıcısıdır. Milli Konstitusiya Azərbaycanda hüquqi dövlət quruculuğunun təməl prinsiplərini müəyyən edən, cəmiyyətin birgə yaşayış qaydalarını formalaşdıran, dini və etnik fərqlilikləri aradan qaldıran, insan hüquq və azadlıqlarını təmin edən, demokratiyanın inkişafı və xalqın sosial rifahının hüquqi əsaslarını müəyyən edən mühüm sənəddir. Bununla yanaşı, Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini də ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə ölkənin iqtisadi gələcəyini təmin edən, enerji təhlükəsizliyini möhkəmləndirən və Azərbaycanı beynəlxalq iqtisadi əməkdaşlığın mühüm tərəfdaşına çevirən strateji qərar qəbul edib. O, eyni zamanda cəmiyyətdə vətəndaş həmrəyliyi ideyasını irəli sürərək milli birliyin əsaslarını formalaşdırıb". H.Babaoğlu qeyd edib ki, Heydər Əliyev tərəfindən müəyyən olunan xalq-dövlət birliyi prinsipi sonrakı illərdə ölkənin davamlı inkişafını və güclü dövlətçilik ənənələrini təmin edən mühüm konsepsiyaya çevrilib: "Ümummilli lider Azərbaycanın xarici siyasətinin də təməllərini yaradıb və bu siyasət milli maraqlara əsaslanan balanslaşdırılmış kurs kimi formalaşdırılıb. Onun müəyyən etdiyi strateji xətt Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş qismində möhkəmləndirib. Bütün bu islahatların və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycanda hüquqi və sosial dövlət institutları güclənib, dövlətçilik sabit əsaslar üzərində möhkəmlənib. Bu gün biz qalib xalq və qalib dövlət kimi 5 illik tarixi zəfərimizin zirvəsindən geriyə - 1990-cı illərin əvvəllərinin xaos və parçalanma dövrünə baxanda aydın görürük ki, əgər Heydər Əliyevin siyasi iradəsi və liderliyi olmasaydı, bu gün heç bir tarixi zəfərdən danışmaq mümkün olmazdı. Bu, Azərbaycanın müasir tarixinin ən mühüm reallığıdır". Deputat əlavə edib ki, Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik xətti bu gün də Azərbaycanın siyasi, iqtisadi və sosial inkişaf modelinin ideoloji əsasını təşkil edir: "Onun müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Müasir Azərbaycanın güclü ordusunun formalaşdırılması, ölkənin regional və qlobal enerji layihələrində aparıcı mövqeyə yüksəlməsi, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması da həmin strateji kursun məntiqi nəticəsidir. Xüsusilə 44 günlük Vətən müharibəsində dövlətin siyasi iradəsi, xalqın birliyi və ordumuzun gücü sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi və milli qürur hissini özünə qaytardı. Ulu öndərin əsasını qoyduğu milli inkişaf strategiyası Azərbaycanı yeni mərhələyə - daha güclü, daha təhlükəsiz və daha rifahyönümlü gələcəyə aparan yolun bünövrəsidir. Bütün bunlar göstərir ki, Heydər Əliyevin siyasi irsi yalnız tarixi yaddaş deyil, bu günün inkişaf reallığı və gələcəyin yol xəritəsidir. Onun adı müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayağı, milli həmrəyliyin rəmzi və davamlı tərəqqinin əsası kimi yaşayır və yaşayacaq". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər