İdman
Qurban Qurbanov Azərbaycan futbolunun gələcəyi haqqında DANIŞDI
"Əgər U-19 komandamızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu səviyyəli oyunlarda hansı nəticələrin qeydə alınacağını təsəvvür etmək çətindir". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Ayaks" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, bu məsələ Azərbaycan futbolunun ən həssas və problemli nöqtəsidir: "Bu, gələcəkdə bizim üçün böyük təhlükədir. Bəlkə də kənardan apardığımız mübarizə və əldə olunan bəzi nəticələr bizi aldadır. Amma gələcəyə baxsaq, fərqin getdikcə daha da böyüdüyünü görərik. 4-5 ildən sonra bunun sonu necə olacaq, bilmirəm. Biz mütləq "Qarabağ" olaraq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. U-19 komandamızın futbolçularının çoxu daha gənc idi, 17-18 yaşlarında idilər. Onlar ilk dəfə belə turnirlərdə iştirak edirdilər. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə böyüyə-böyüyə formalaşırlar, 17 yaşından etibarən bu səviyyəli yarışlarda çıxış edirlər. Onların şəraiti ümumiyyətlə müqayisəolunmazdır. Avropa futbolu, xüsusilə gənclər və uşaq futbolu barədə danışanda ilk ağla gələn klublardan biri "Ayaks"dır. O klubun şəraiti bəlkə də bütövlükdə Azərbaycan futbolunun mövcud imkanlarından daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam - "Barselona", "Çelsi", "Borussiya". Bunları yan-yana qoymaq mümkün deyil. Biz çalışmalı, əziyyət çəkməli, pozitiv yanaşmalı və gələcəyə inamla baxmalıyıq. Fərq həqiqətən çox böyükdür". Baş məşqçi Azərbaycan futbolunun gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: "Ümidsiz yanaşa bilmərik. Əgər ümidimiz olmayacaqsa, onda futboldan uzaqlaşmaq lazımdır. Hər halda, çalışıb onlarla minimum səviyyədə də olsa ayaqlaşmağa cəhd etməliyik. Biz bir klub olaraq onlara qarşı mübarizə apara bilirik. Elə rəqiblər var ki, nəticələr 4:0, 6:0 olur, hətta final matçlarında belə 5:0 hesabları qeydə alınır. Halbuki həmin komandalar eyni səviyyədədirlər. Biz çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər və Avropanın aparıcı klubları məhz bu yolu seçirlər. Buna baxmayaraq, hər zaman pozitiv və ümidli olmalıyıq". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb. Murad Nəsimi
Mənbə
oxu.az