İdman
"Qarabağ"ın baş məşqçisi Nərimanla bağlı müzakirələrə münasibət bildirdi
"Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Ayaks" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Nəriman daha yaxşı çıxış edə bilərdi: "Onun barəsində nə deyəcəyimi özüm də bilmirəm. Hansısa fikir bildirsəm, bəlkə də azarkeşlərə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Həmişə futbolçularımın yanındayam, indi də elədir. Kamilo Duran nə qədər sprint etdi, nə qədər güc sərf etdi. Yorulmuşdu. Azarkeşlərin narazılığı ilə bağlı konkret cavabım yoxdur. Nəriman daha yaxşı oynaya bilərdi. Təkcə o yox, sonradan meydana daxil olan futbolçular da. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə ərzində yüksək dinamika var idi. Son vaxtlar çox oyun izləmiş, analiz aparmışdıq. Bu qarşılaşma bəlkə də son dövrlərin üç ən yaxşı oyunlarından biri idi. Hər iki komanda cəsarətli oynadı, çoxlu qol epizodları yarandı. Məğlub olduq. Deyiləsi başqa söz yoxdur". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb. Murad Nəsimi
Mənbə
oxu.az