Siyasət
"ChatGPT" nədir? Ölüm mələyi, yoxsa...
Kubra Məhərrəmova yazır... Son illər insanlar get-gedə daha çox bir-birindən uzaqlaşır, emosional aclığı internet resurslarda təmin edirlər. 7/24 filmlər, oyunlar, seriallar, sosial şəbəkələr, verilişlər, musiqi, "18+" filmlər və başqa hər növ əyləncələr insanı darıxmağa qoymur. İnsanlıq bu illüziyaya o qədər aludə olub ki, artıq real həyatdan könüllü olaraq əlini üzüb. Bu, xüsusilə pandemiyadan sonra güclədi. Sanki insanlara artıq kiməsə güzəştə getmək, kiminləsə yola getmək kimi bacarıqlar lazım deyil. Münasibət, söhbətlər, ünsiyyət yoxa çıxır. Diqqət etsəniz, görərsiniz ki, küçədə, ictimai nəqliyyatda, kafe-restoranlarda belə insanların fikri telefonun ekranında cəmləşib. Üzbəüz oturan adamların bir-biriylə danışmağa sanki sözü-cümləsi yoxdur. Elə içi mən qarışıq. Əlavə olaraq, hər şey o qədər avtomatlaşıb ki, süni intellekt məhz sənə uyğun film, musiqi, reklam, alacağın məhsulu seçir və sənə təqdim edir. Sən də düşünürsən ki, "gör, mən necə ağıllı imişəm"... Mütəxəssislər bunu "algorithmic shaping of preferences" adlandırırlar. Onu demək istəyirəm ki, heç nəyi siz özünüz seçmirsiniz. Qərarı sizin əvəzinizə artıq süni intellekt verir. Buna baxmayaraq rahatlıq və komfort illüziyası hər gün daha çox hörümçək toru kimi bəşəriyyəti bürüyür. Son bir ildə "ChatGPT" çoxu üçün dost, sevgili, şəxsi psixoloq, hətta həkimə çevrilib. Bütün dünyadakı istifadəçilər bir ağızdan deyirlər ki, "o məni başa düşən kimi, heç kim başa düşmür"... Vahiməli başlanğıcdır, deyilmi? Bu elə bir gücdür ki, onu əllə tutmaq, gözlə görmək, qoxusunu hiss etmək mümkün deyil. Hansısa gözəgörünməz qüvvədir, insanlar da ona inanırlar. Gəlin anlayaq ki, süni intellekt heç kimi başa düşmür və hiss etmir. Bu sadəcə təhlil edən maşındır və cavabları da adamına görə uyğunlaşdıra bilir. Bu sadəcə alqoritmdir. Lakin insanlıq bəlkə də tarixin ən böyük yalanına aldanır. Öz xoşu ilə ipi boğazına keçirir. Dünənə kimi axtarış sistemlərində xəstəliyin simptom və müalicə üsulunu tapmağa çalışan istifadəçilər, artıq bu funksiyanı həkimə deyil "ChatGPT"yə yükləyirlər. Hətta analizlərin cavablarını süni intellektə həvalə edib müalicə və dərman preparatlarını istəyənlər var. Etiraf edək ki, süni intellekt bəzi "həkimlərdən" daha savadlı qeydlər versə də, lakin tam olaraq kliniki tablonu görə və anlaya bilmir. Ona görə də istifadəçinin verdiyi məlumata əsasən "diaqnoz və müalicəni" müəyyən edir. Sonra da fəsadlar. Ən başlıca problem isə odur ki, Azərbaycanda bütün dərman vasitələrini (istisnalardan savayı) reseptsiz almaq mümkün olduğu üçün hamı "həkimlik" edir. Aptekdə işləyən də, qonşu Məsmə xala da, hətta baldızın eltisi də. İndi də bunların hamısına "CahtGPT" rəhbərlik edir. İndi görün ki, vəziyyət nə qədər dramatikdir. Təəssüflər olsun ki, insanlar süni intellektə elə aludə olurlar ki, onun səhv deyə biləcəyini ağıllarından belə keçirmirlər. Yadınıza gəlirsə, bir ay əvvəl Azərbaycanda Emil Nəcəfov adlı gənc vəfat etdi. Mətbuata ötürülən məlumatda deyildi ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş. Ölümə sepsisin səbəb olduğunun ehtimal edilirdi. Lakin burada bir maraqlı məqam üzə çıxdı. Yaxın dostu Fərid Pərdəşünasın fikri: "Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan sepsisdir. "ChatGPT" ilə yazışmalarında şikayətləri sepsis əlamətlərinə bənzəyir". Açar söz "ChatGPT" ilə yazışmalarında! Bu hadisənin detallarını bilmədiyim üçün sadəcə öz mülahizələrimə əsaslanaraq iddia sürə bilərəm. İlk növbədə anlamalıyıq ki, gələcəkdə süni intellektsiz həyatımız mümkün olmayacaq, bu, dəqiqdir. Lakin hər şeyin cavabını ondan axtarmaq da düzgün deyil. İnsanın süni intellektin verdiyi məlumata inanaraq qərarlar verməsi, onun üçün çox təhlükəli ola bilər. Hətta ölümlə yekunlaşa bilər. Tibdən, müalicədən heç bir anlayışı olmayan biri kor-koranə "ChatGPT"nin dediklərini eləməklə özünün məhvinə yol açır. Diqqət edin, get-gedə süni intellektin yaratdığı təsir nəticəsində insanlar daha az düşünməyə və təhlil etməyə başlayıblar. Tənqidi düşüncə isə tamamilə ortadan qalxmaq üzrədir. İnsanlar öz məsuliyyətlərini süni intellektin üzərinə atdıqca, süni intellektin səhvlərini görməməklə çox ciddi sosial və psixoloji nəticələrlə üzləşə bilərlər. Süni intellektin təsiri altında olmaq insanlara yalançı komfort və rahatlıq versə də, həm də çox böyük təhlükə yaradır. Bir atalar sözümüz var, lap yerinə düşür, gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı. İllərdir deyirik ki, bizim cəmiyyətdə təhsilin və savadlılığın səviyyəsi ildən-ilə aşağı düşür. Savadsız bir cəmiyyətin də əlində belə alətlərin olması ən qorxulu nəticələrə gətirib çıxara bilər. Ad-soyadını doğru-düzgün yaza bilməyən bir adamın süni intellektlə ünsiyyətdə olması, ondan məsləhət alması və aldığı tövsiyəni nə dərəcədə icra etməsi artıq ciddi narahatlıq yaradır. Hətta təhlükəlidir. Açığı bu problemin həll olunacağını düşünmürəm. Belə görürəm elə özləri-özlərini məhv edəcəklər. Və sonda süni intellektlə bağlı başqa suallar da meydana çıxır. Süni intellekt səhv etdikdə və bu səhvin nəticəsində bir və ya yüzlərlə insan həyatını itirərkən bunun məsuliyyətini kim daşıyır? Süni intellekt məsləhət verərkən hansı etik prinsiplərə əsaslanır? Bütün bunlar hüququ cəhətdən necə tənzimlənir? Hər dəfə "ChatGPT" və digər süni intellekt məhsullarına sual verərkən məntiqi və tənqidi düşüncəni unutmayın. Ondansa peşəkar və etibar etdiyiniz həkimlərə, psixoloqlara və digər mütəxəssislərə müraciət edin.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az