İdman
"Qarabağ"ın baş məşqçisi: "Güclü klublardan oyunçularımıza təklif olarsa, dəyərləndirə bilərik"
"Yaxşı klubdan oyunçularımıza təklif olarsa, dəyərləndirə bilərik". Bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ"-"Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Oxu.Az-ın müxbirinin sualını cavablandırarkən deyib. O bildirib ki, komandaya əlavə oyunçular da gətirilməlidir: "Biz daim heyətdə daha yaxşı və keyfiyyətli oyunçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klubdan oyunçularımıza təklif olarsa, bu bazara girmək üçün də dəyərləndirə bilərik. Bunadək bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatı belədir. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada olacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda, buna "yox" deməyəcəyik. İmkan olduğu qədər "transfer pəncərəsi"ndə bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq. Murad Nəsimi
Mənbə
oxu.az