Siyasət
Nazir müavini: "30-dan çox süni intellekt ssenarisi müəyyən edilib"
"İqlim dəyişiklikləri son illərdə kənd təsərrüfatına, su ehtiyatlarına və torpaqlarımıza ciddi təsir göstərir". Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib. O bildirib ki, idarəetmə mexanizmlərimizin daha dəqiq, operativ və məlumat əsaslı olması zərurətə çevrilib: "Aqrar sahədə rəqəmsal transformasiya proqramı bu gün məhz buna görə formalaşıb. Bu proqram çərçivəsində artıq 30-dan çox süni intellekt ssenarisi müəyyən edilib və onların bir hissəsi real nəticə verməyə başlayıb. Ssenarilər bitki xəstəliklərinin erkən aşkarlanmasından tutmuş suvarmanın dəqiq planlaşdırılmasına, torpaq xəritələrinin hazırlanmasına və məhsuldarlıq proqnozlarına qədər geniş spektri əhatə edir". O, aqrar sahənin inkişafına mühüm töhfə verəcək süni intellekt ssenarilərindən bir neçəsini dilə gətirib: "Hazırlanmış rəqəmsal proqramın bitki sağlamlığı üzrə modeli fermerlərə xəstəlik və zərərverici risklərin əvvəlcədən görmək imkanı yaradır. Bu həm pestisid istifadəsini azaldır, həm də torpaq və su ehtiyatlarına daha az yük salır. Torpaq xəritəsi isə göstərir ki, hansı ərazidə torpağın turşululuq və qələviliyi nə qədərdir, üzvi maddə səviyyəsi necədir və buna uyğun olaraq gübrələmə necə aparılmalıdır. Bu, torpağın uzunmüddətli məhsuldarlığının qorunması üçün olduqca önəmli faktordur. Suvarma modeli də mühüm yenilikdir. Hər bölgənin iqlim şəraitini, torpaq xüsusiyyətlərini və bitki növünü nəzərə alaraq su tələbatını hesablayır. Bu, həm su israfının qarşısını alır, həm də enerji xərclərini azaldır". Aqil Vəlili
Mənbə
oxu.az