Siyasət

"Masallıda məktəbdə ingilis dili tədris edilmir, sinif otaqları soyuqdur" - VALİDEYNLƏRDƏN ŞİKAYƏT

08 Dec 2025, 17:00 1 baxış
"Masallıda məktəbdə ingilis dili tədris edilmir, sinif otaqları soyuqdur" - VALİDEYNLƏRDƏN ŞİKAYƏT
Masallı Rayon Şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində valideynlərlə məktəb rəhbərliyi arasında qalmaqal baş verib. Oxu.Az xəbər verir ki, valideynlərin iddialarına görə, məktəbdə ingilis dili dərsləri ümumiyyətlə keçirilmir. Həmçinin məktəbdə istilik sisteminin olmadığı və dərslərin soyuq sinif otaqlarında keçirildiyi bildirilir. Valideynlər qeyd edirlər ki, məktəb rəhbərliyinə sözügedən problemlərlə bağlı şikayət ünvanlanıb, lakin heç bir əhəmiyyət verilməyib. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, dekabrın 5-də təhsil müəssisəsində valideyn iclası keçirilib, onların müraciət və təklifləri qeydiyyata alınıb və həlli istiqamətində zəruri tədbirlər görülür: "Adıçəkilən təhsil müəssisəsi fəaliyyətə başladığı dövrdən indiyədək formalaşmış tədris planına uyğun olaraq, orada xarici dil kimi rus və fransız dilləri tədris olunur. Növbəti ildən isə 1, 5 və 10-cu siniflərdə ingilis dilinin tədrisi nəzərdə tutulub". Qurum istilik təchizatı ilə bağlı məsələyə də aydınlıq gətirib: "I-IV siniflərin yerləşdiyi korpus mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. V-XI siniflərin tədris aldığı digər korpusun istiliklə təchizatı məsələsi nəzarətə götürülüb və bu istiqamətdə zəruri tədbirlər görülür. Yaxın günlərdə sözügedən korpusda sobanın quraşdırılması başa çatacaq və istilik təchizatı bərpa ediləcək. Bununla yanaşı, qeyd edirik ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır. Bu ilin sonuna kimi 100-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır. Bildiririk ki, Xırmandalı kənd tam orta ümumtəhsil məktəbinin adı yeni binasının tikilməsi planlaşdırılan məktəblərin siyahısındadır və tikinti ilə bağlı layihələndirmə işləri aparılır. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".

Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər