Digər

Elçin Əmirbəyov: "Azərbaycan və Çin strategiyalarının üst-üstə düşməsi böyük əməkdaşlığa zəmin yaradır"

24 Nov 2026, 16:38 2 baxış
Elçin Əmirbəyov: "Azərbaycan və Çin strategiyalarının üst-üstə düşməsi böyük əməkdaşlığa zəmin yaradır"
"Qlobal İnkişaf Təşəbbüsünün və "Azərbaycan 2030" strategiyasının əsas prinsiplərinin tam şəkildə eyni olması əməkdaşlığın real nəticələrinin əldə edilməsinə yönəlmiş səylərin birləşdirilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Rəqəmsal inkişaf, modernləşdirmə, yaşıl iqtisadiyyata keçid və qida təhlükəsizliyi ölkənin milli strategiyasının mühüm dayaqlarıdır". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "China Daily" ingilisdilli nəşrinə verdiyi müsahibəsində bildirib. "Məsələn, Azərbaycan neft və qaz kimi karbohidrogen resurslarının ənənəvi təchizatçısı kimi tanınsa da biz enerji portfelimizin şaxələndirilməsinə daha çox önəm verir və bərpaolunan enerji mənbələrinin, xüsusilə də günəş və külək enerjisinin inkişafına böyük vaxt, səy sərf edirik. Bu sahədə əməkdaşlığa hazırıq və Çin şirkətlərinin Azərbaycanla işləməyə olan yüksək marağını görməkdən məmnunuq", - deyə prezidentin nümayəndəsi vurğulayıb. Qida təhlükəsizliyi məsələsinə toxunan E.Əmirbəyov Azərbaycanın Çinin texnoloji nailiyyət və təcrübəsindən yararlanmağa hazır olduğunu qeyd edib: "Bu, hər bir dövlətin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən sahədir. Rəqəmsallaşma, yaşıl iqtisadiyyat və qida təhlükəsizliyi kimi, bütün bu istiqamətlərdə sadəcə siyasi bəyanatlarımız yox, ikitərəfli əməkdaşlığımızı daha da dərinləşdirə, zənginləşdirə biləcək real planlarımız və layihələrimiz var". E.Əmirbəyov diqqətə çatdırıb ki, geosiyasi qeyri-sabitlik, iqtisadi qeyri-bərabərlik və iqlim çağırışları fonunda inkişafı qlobal gündəliyin mərkəzində saxlamaq çox vacibdir. Məhz buna görə də Azərbaycan ölkənin milli inkişaf prioritetlərini tam şəkildə tamamlayan bu təşəbbüsü dəstəkləyib. "İnkişaf səviyyəsindən asılı olmayaraq, bütün xalqlara bərabər imkanların yaradılması, inklüzivlik bu təşəbbüsün əsas göstəricilərindən biridir və elə bu səbəbdən o, xüsusi diqqətə layiqdir, bir çox ölkələr tərəfindən dəstəklənir. Biz bunu zamanında atılmış və vacib addım hesab edirik, çünki bu, davamlı inkişaf məqsədlərinə çatmaq, BMT-nin 2030-cu ilədək gündəliyinin həyata keçirilməsi üzrə beynəlxalq səylərə təkan verir", - deyə E.Əmirbəyov diqqətə çatdırıb. O, Çin və Avropanı Azərbaycan ərazisindən keçməklə birləşdirən nəqliyyat marşrutu - Orta Dəhlizin perspektivlərinə xüsusi diqqət ayırıb. Bildirib ki, Çin şirkətlərinin bu layihənin reallaşdırılmasına marağı davamlı şəkildə artır və sınaq yükdaşımaları artıq müvəffəqiyyətlə icra olunub: "Hazırda Orta Dəhliz Qərbi Çinlə Qərbi Avropanı birləşdirən ən qısa, təhlükəsiz və iqtisadi baxımdan ən səmərəli yoldur. Bu, hər iki ölkə üçün nəhəng fürsətdir və inanıram ki, bu, iki dövlətin fəal əməkdaşlığı davam etdirəcəyi istiqamətlərdən biridir". Qeyd edək ki, Qlobal İnkişaf Təşəbbüsü (İnkişaf Sahəsində Qlobal Təşəbbüs) beynəlxalq əməkdaşlığı təşviq etmək və BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək məqsədilə 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında Çin Sədri Si Cinpin tərəfindən irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər